2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin “Bir” Tələbə-Könüllü Proqramının üzvləri olan tələbələri Gülay Həsənova və Uğur Əhmədzadə könüllülük sahəsində göstərdikləri fəal ictimai fəaliyyətlərinə görə fəxri fərmanla təltif olunublar.
Təltifetmə mərasimi 2026-cı ilin 30 yanvar tarixində keçirilən “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II” çərçivəsində baş tutub. Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunub.
Forumda ölkə üzrə könüllü təşkilatlarının fəaliyyəti, könüllülük hərəkatının dayanıqlı inkişafı, gənclərin ictimai fəallığının artırılması və sosial layihələrdə iştirak imkanları müzakirə edilib, eyni zamanda fərqlənən könüllülər təltif olunublar.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbə gənclərin könüllülük fəaliyyətinə cəlb olunması, onların sosial məsuliyyət, liderlik və ictimai təşəbbüskarlıq bacarıqlarının inkişaf etdirilməsi universitet rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Əldə olunan bu nailiyyətlər MDU-da həyata keçirilən sistemli gənclər siyasətinin və könüllülük mühitinin inkişafının növbəti uğurlu göstəricisidir.