Nəqliyyat logistika sistemlərinin şəhərsalma siyasətində rolu

  • Post category:Mexanika

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq ili” elan edilmişdir. Şəhərsalma fəaliyyətinin prioritet istiqamətlərindən biri Respublikanın sosial-iqtisadi inkişaf strategiyasında qeyd olunmuş paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məsgunlaşmanın təşviqidir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər” startegiyasına uyğun olaraq ölkəmizə urbanizasiya, davamlı inkişaf sahələrində beynəlxalq əlaqələri gücləndirmək üçün yeni imkanlar açır. Ölkəmizin hər yerində əvvəlki illərlə müqayisədə daha genişmiqyaslı, daha sistemli, şəhərsalma işləri həyata keçirilməlidir. Müasir dövrdə şəhər infrastrukturu əsasən üç klassik model vasitəsilə izah olunur:

  1. Konstruktiv zona modeli: şəhərin mərkəzi biznes rayonundan ətrafa doğru halqalar şəklində genişlənməsi,
  2. Sektor modeli: şəhərin nəqliyyat magistralları boyunca sektorlara bölünərək inkişafı,
  3. Çoxnüvəli model: şəhərin tək bir mərkəz əvəzinə, bir neçə iqtisadi düyün ətrafında formalaşması.

     Şəhərsalma prosesində iştirak edən mütəxəssislər (şəhər planlaşdırıcıları, memarlar, inşaat mühəndisləri, nəqliyyat mühəndisləri) həm imkanla əlaqədar olan məsələləri, həm də sosial və region planlaşdırmasının əsas vəzifəsi dayanıqlı inkişafı təmin etməkdir.

     Müasir planlaşdırmanın əsas prioriteti dayanıqlılıqdır. Bura resurslardan səmərəli istifadə, “yaşıl” binaların inşası, piyada yönümlü infrastrukturun yaradılması və karbon emissiyasının azaldılması (nəqliyyatdan az istifadə) daxildir. “Ağıllı şəhər” (Smart City) konsepsiyası da bu bölmənin mühüm hissəsidir. Ağıllı şəhər texnologiyaları yol infrastrukturu və nəqliyyat sistemləri, asyişin qorunması və təhlükəsizlik xidmətlərinə nəzarət etmək, məlumatların toplanmasını və analizini, çevik və dəqiqi həll yollarını təmin edir. Bu texnologiya şəhər rəhbərliyinə həm icma, həm də şəhər infrastruktu ilə birbaşa əlaqə və şəhərdə baş verən prosesləri, şəhərin necə inmkişaf etdiyini izləmə imkanı verir. Ağıllı şəhərlər ağıllı cihazlardan əldə edilən məlumatlarla izləyir. Bu ağıllı cihazlar telefonlar, ya da avtomobillərdə olan sensorlar belə ola bilər. Bu cihazlar kifayət qədər məlumat təmin etdikdə isə məsul şəxslər şəhərin ehtiyaclarını müəyyən edə və lazımlı infrastruktur işlərini başlada bilərlər.

     Yollardakı tıxaclar və nəqliyyat problemləri bir çox şəhər əhalisinin ümumi problemləridir. Lakin ağıllı texnologiya sayəsində perspektivli həll yolları tapılır. Məsələn, ictimai nəqliyyat marşurutları real vaxt rejimində tələbata uyğun tənzimləmə, ağıllı işıqforlar və ağıllı dayanacaqlar kimi sistemlərdən istifadə edilə bilər.

     Şəhərlərin mövcud strukturu gündən-günə artan şəhər əhalisinin gətirəcəyi infrastruktur yükünün öhdəsindən gəlmək üçün kifayət deyil. Şəhər rəhbərliyi elektrik enerjisi, qaz və sudan səmərəli istifadəyə diqqət yetirirlər. Bundan əlavə avtomobil yolları, körpülər, tunellər, dəmir yolu nəqliyyatı, metro, hava limanları, dəniz limanları, rabitə sistemi də daxil olmaqla bütün kritik infrastrukturların vəziyyətini izləyən, məlumatları qiymətləndirən və resurs strukturunu optimallaşdıran, profilaktik baxım planları hazırlayan və bu sistemlərin təhlükəsizliyini təmin edən texnologiyalar ağıllı şəhərləri əvəzolunmaz edir.

     Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 13.01.2009-cu il tarixli 03 nömrəli əmri təsdiq olunmuş normativ sənəd şəhərsalma əslandırılmasının tərkibini, məzmununu, onun işlənmə və təsdiqi qaydalarını müəyyən edir. Həmin normativ sənədin 1.3.bəndində qeyd olunur: şəhərsalma əslandırılmasının işlənməsi planlaşdırma qurumlarının (yaşayış rayonunun məhəllələr qrupunun, mühəndis-nəqliyyat şəbəkələrinin, sənaye qovşaqlarının və s.) sərhədləri daxilində kompleks halda həyata keçirilir. Şəhərsalma əsaslandırılması üçün nəzərdə tutulan ərazinin sərhədləri yerli icra hakimiyyəti orqanları tərəfindən (bələdiyyə ilə birgə) topoqrafik əsasda təyin edilir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, əvvəlki illərdə ölkəmizin böyük şəhərləri və şəhərətrafı yaşayış massivləri genişlənərkən bu normalar kobud şəkildə pozulmuşdur. Belə ki, plansız salınan yaşayış massivlərində ensiz yol infrastrukturu, dar küçələr, memarlıq baxımından düzgün olmayan tikililər, pik yükü götürə bilməyən su-kanalizasiya sistemləri və yağış sularını tam götürə bilməyən drenaj sistemləri bu gün əsas problemlər kimi qarşıda dayanır.

     Müasir dövrdə urbanizasiya prosesinin sürətlənməsi şəhərlərdə nəqliyyat və logistika sistemlərinin rolunu daha da artırmışdır. Nəqliyyat-logistika sistemləri şəhər iqtisadiyyatının inkişafına, əhalinin hərəkətliliyinin təmin olunmasına və urban mühitin səmərəli təşkilinə mühüm təsir göstərir. Bu məqalədə nəqliyyat logistika sistemlərinin şəhərsalma siyasətində rolu, onların iqtisadi, sosial və ekoloji aspektləri, eləcə də müasir urban planlaşdırma yanaşmaları təhlil edilir.

     XXI əsrdə şəhərlərin inkişafı və urbanizasiya prosesinin sürətlənməsi nəqliyyat sistemlərinin əhəmiyyətini daha da artırmışdır. Birləşmiş Millətlər Təşkilatının hesabatlarına görə dünya əhalisinin yarıdan çoxu artıq şəhərlərdə yaşayır və bu göstəricinin gələcəkdə daha da artacağı proqnozlaşdırılır. Bu isə şəhərlərdə nəqliyyat və logistika sistemlərinin daha effektiv şəkildə təşkil edilməsini zəruri edir. Nəqliyyat-logistika sistemləri şəhərsalma siyasətinin mühüm komponentlərindən biri hesab olunur. Bu sistemlər insanların və malların səmərəli hərəkətini təmin etməklə yanaşı, şəhərin iqtisadi fəaliyyətinin koordinasiyasını da təmin edir. Müasir urban planlaşdırma konsepsiyalarında nəqliyyat infrastrukturu şəhərin funksional zonalarının təşkilində əsas rol oynayır. Şəhərsalma siyasətində nəqliyyat-logistika sistemlərinin düzgün planlaşdırılması aşağıdakı məsələlərin həllinə kömək edir:

  • şəhər daxilində hərəkətliliyin artırılması
  • iqtisadi fəaliyyətlərin optimallaşdırılması
  • ətraf mühitə mənfi təsirin azaldılması
  • şəhər məkanının səmərəli təşkil edilməsi

     Bu baxımdan nəqliyyat-logistika sistemlərinin şəhərsalma siyasətində rolu kompleks şəkildə araşdırılmalıdır. Nəqliyyat-logistika sistemi insanların, malların və xidmətlərin bir məkan nöqtəsindən digərinə səmərəli şəkildə daşınmasını təmin edən kompleks infrastrukturu və idarəetmə mexanizmlərini əhatə edir. Bu sistem aşağıdakı əsas elementlərdən ibarətdir: Nəqliyyat infrastrukturu şəhər daxilində və şəhərlər arasında hərəkəti təmin edən fiziki obyektləri əhatə edir. Bunlar, avtomobil yolları və magistrallar, dəmir yolu şəbəkələri, metro və tramvay sistemləri, hava limanları, dəniz və çay limanlarıdır. Bu infrastrukturlar şəhər iqtisadiyyatının fəaliyyətini təmin edən əsas mexanizmlərdən biridir. Logistika infrastrukturu malların saxlanılması, emalı və paylanması üçün nəzərdə tutulmuş obyektlərdən ibarətdir. Bunlara: logistika mərkəzləri, anbar kompleksləri, yük terminalları, paylama mərkəzləridir. Bu obyektlər logistika zəncirinin effektiv fəaliyyətini təmin edir və ticarət proseslərini sürətləndirir.

     Müasir nəqliyyat-logistika sistemləri informasiya texnologiyalarına əsaslanır. Ağıllı nəqliyyat sistemləri vasitəsilə nəqliyyat axını izlənilir və idarə olunur. Bu texnologiyalar tıxacların azalmasına və nəqliyyatın səmərəli fəaliyyətinə kömək edir. Nəqliyyat-logistika sistemləri şəhərsalma siyasətinin əsas istiqamətlərindən biridir. Şəhərin planlaşdırılması zamanı nəqliyyat infrastrukturu iqtisadi və sosial faktorlarla birlikdə nəzərə alınmalıdır. Nəqliyyat infrastrukturu şəhər iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Effektiv nəqliyyat sistemi malların daşınma xərclərini azaldır və logistika proseslərini sürətləndirir. Bunun nəticəsində: ticarət əlaqələri genişlənir, investisiya imkanları artır, biznes mühiti yaxşılaşır. Araşdırmalar göstərir ki, inkişaf etmiş nəqliyyat infrastrukturu olan şəhərlər daha yüksək iqtisadi artım tempinə malik olur. Düzgün qurulmuş nəqliyyat sistemi şəhər sakinlərinin gündəlik həyatında mühüm rol oynayır. Effektiv ictimai nəqliyyat sistemləri insanların iş yerlərinə, təhsil müəssisələrinə və sosial xidmətlərə daha rahat çıxışını təmin edir. Bu isə: sosial bərabərliyin artmasına, vaxt itkisinin azalmasına, həyat keyfiyyətinin yüksəlməsinə səbəb olur.

     Nəqliyyat infrastrukturu şəhərin funksional zonalarının təşkilinə birbaşa təsir göstərir. Yaşayış, sənaye və ticarət zonalarının yerləşdirilməsi nəqliyyat əlaqələri ilə sıx bağlıdır. Məsələn: sənaye zonaları adətən magistral yollar və dəmir yolu xətlərinə yaxın yerləşdirilir, yaşayış zonaları isə ictimai nəqliyyat şəbəkəsinə yaxın planlaşdırılır. Müasir şəhərsalma siyasətində davamlı inkişaf prinsipləri xüsusi əhəmiyyət kəsb edir. Davamlı nəqliyyat sistemi iqtisadi səmərəliliyi təmin etməklə yanaşı ətraf mühitin qorunmasına da xidmət edir. Nəqliyyat sektoru atmosferə buraxılan karbon emissiyalarının əsas mənbələrindən biridir. Bu səbəbdən şəhərlərdə ekoloji cəhətdən təmiz nəqliyyat sistemlərinin inkişafı vacib hesab olunur. Bu istiqamətdə aşağıdakı tədbirlər həyata keçirilir: elektrik nəqliyyat vasitələrinin istifadəsi, velosiped yollarının yaradılması, ictimai nəqliyyatın inkişafı. Bu tədbirlər karbon emissiyasının azalmasına və şəhər mühitinin yaxşılaşmasına kömək edir. Şəhərlərin inkişafı ilə əlaqədar olaraq yeni nəqliyyat-logistika modelləri meydana çıxmışdır.

     Multimodal nəqliyyat müxtəlif nəqliyyat növlərinin inteqrasiyasını nəzərdə tutur. Bu sistem yük və sərnişin daşımalarının daha səmərəli həyata keçirilməsinə imkan verir. Ağıllı nəqliyyat sistemləri (ITS) informasiya texnologiyalarının tətbiqi ilə nəqliyyat axınının idarə olunmasını təmin edir. Tıxacların azalması, yanacaq sərfiyyatının azalması, nəqliyyat təhlükəsizliyinin artırılması bu sistemin üstünlüklərindəndir.

     Son illərdə Azərbaycanda nəqliyyat-logistika infrastrukturunun inkişafı istiqamətində mühüm layihələr həyata keçirilmişdir. Xüsusilə Bakı şəhərində nəqliyyat şəbəkəsinin modernləşdirilməsi şəhərsalma siyasətinin prioritet istiqamətlərindən biridir. Metro şəbəkəsinin genişləndirilməsi, yeni avtomobil yollarının tikilməsi, beynəlxalq logistika dəhlizlərinin inkişafı kimi layihələr Azərbaycanın regional nəqliyyat-logistika mərkəzinə çevrilməsinə imkan yaradacaqdır. Şəhər nəqliyyat sistemlərinin inkişafı ilə bağlı nəqliyyat sıxlığı, tıxaclar, ekoloji çirklənmə, ictimai nəqliyyatın qeyri-kafi inkişafı kimi problemlər mövcuddur. Bu problemlərin həlli üçün şəhər planlaşdırılması prosesində kompleks yanaşma tələb olunur.

     Şəhərsalma siyasətində ağıllı nəqliyyat texnologiyalarının tətbiqi və multimodal logistika sistemlərinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Tədqiqat nəticələri göstəriri ki, nəqliyyat-logistika sistemlərinin düzgün planlaşdırılması şəhərlərin davamlı inkişafının əsas şərtlərindən biridir.

Mingəçevir Dövlət Universiteti,

 Mexanika kafedrasının müdiri, 

dosent, texnika üzrə fəlsəfə doktoru Mahir İSMAYILOV