MDU-da “Mədəni irsin qorunması və şəhər turizmi” mövzusunda elmi seminar keçirilib

Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər və İqtisadiyyat kafedralarının təşkilatçılığı ilə “Mədəni irsin qorunması və şəhər turizmi” mövzusunda elmi seminar keçirilib. Seminarın məqsədi mədəni irsin qorunması məsələlərinin elmi müstəvidə müzakirəsi, tarixi-mədəni abidələrin turizm potensialının araşdırılması və bu istiqamətdə müasir yanaşmaların təqdim olunması olub.

Tədbiri giriş sözü ilə Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri dosent Esmira Cəfərova açaraq mədəni irsin qorunmasının hər bir xalqın tarixi yaddaşının və milli kimliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, tarixi və mədəni irs nümunələrinin tədqiqi, qorunması və gələcək nəsillərə ötürülməsi ilə yanaşı, onların şəhər turizminin inkişafında səmərəli istifadəsi də müasir dövrdə aktual məsələlərdən biridir.

Seminarda proqram üzrə bir sıra maraqlı məruzələr dinlənilib. MDU-nun Humanitar fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyev “Arxeoloji irs və arxeoturizm potensialı” mövzusunda çıxış edərək arxeoloji abidələrin elmi tədqiqi ilə yanaşı, turizm marşrutlarına daxil edilməsinin regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verə biləcəyini vurğulayıb.

MDU-nun İqtisadiyyat kafedrasının müəllimi, Türkiyənin Muğla Sıtkı Koçman Universitetinin doktorantı Əli Nadirov “Mədəni irs və şəhər turizmi” mövzusunda məruzə ilə çıxış edərək tarixi-mədəni irs obyektlərinin şəhərlərin turizm cəlbediciliyinin artırılmasında oynadığı rolu təhlil edib. O qeyd edib ki, mədəni irsin qorunması ilə turizm sektorunun inkişafı arasında qarşılıqlı əlaqə mövcuddur və bu istiqamətdə strateji yanaşmaların tətbiqi vacibdir.

MDU-nun magistrantı Rəvan Məmmədsanlı “Qafqaz Albaniyasının xristian irsi: alban məbədlərinin qorunması” mövzusunda çıxış edərək qədim alban məbədlərinin tarixi və mədəni əhəmiyyəti, onların qorunması və tədqiqi istiqamətində görülən işlər barədə məlumat verib.

Seminar çərçivəsində MDU-nun magistrantı Arzuman Həsənov isə “Qarabağ və Şərqi Zəngəzurun türbələri: tədqiqatı və qorunması” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın azad olunmuş ərazilərində yerləşən tarixi türbələrin memarlıq xüsusiyyətləri, onların elmi tədqiqi və mühafizəsi məsələləri diqqətə çatdırılıb.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçılar mədəni irsin qorunması, tarixi abidələrin tədqiqi və şəhər turizminin inkişafı istiqamətində fikir və təkliflərini bölüşüblər. Qeyd olunub ki, bu kimi elmi seminarlar mədəni irsə diqqətin artırılması və onun qorunması sahəsində maarifləndirici rol oynayır.