Mingəçevir Dövlət Universitetinin Sənayenin təşkili və idarə edilməsi ixtisasında təhsil alan magistrantları “Azərbaycan İES” MMC-də enerji istehsalatı prosesi ilə tanış olmaq üçün ekskursiya ediblər.
Əvvəlcə, magistrantlara bələdçilik edən İES-in mühəndisi Eyyub Musayev onları stansiyanın ərazisi ilə tanış edib. Daha sonra magistrantlara elektrik enerjisinin istehsal mərhələləri, istifadə olunan texnoloji avadanlıqlar və istehsalat prosesinin əsas prinsipləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, istilik elektrik stansiyasında enerji istehsalı yanacağın yanması nəticəsində əldə olunan istilik enerjisinin mexaniki və daha sonra elektrik enerjisinə çevrilməsi əsasında həyata keçirilir.
Sonra, fənn müəllimi, Sənayenin təşkili və idarəetmə kafedrasının müdiri, dosent Emiliya Hüseynova magistrantlara istilik elektrik stansiyalarının işləmə prinsipləri, ölkənin enerji sektoruna və iqtisadiyyatına verdiyi fayda barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Praktiki ziyarət magistrantlar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi, tədqiqatların nəticəyönümlüyü və səmərəliliyinin artırılması məqsədilə müxtəlif formatlı təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır.