Mingəçevir Dövlət Universitetinin Fizika və ekologiya kafedrasının tədbirlər planına uyğun olaraq təşkil edilən “Kənddən şəhərə gəlir körpüsü” layihəsi uğurla başa çatıb.
Layihə çərçivəsində tələbələr tərəfindən təmiz və ekoloji cəhətdən təhlükəsiz kənd təsərrüfatı məhsullarının təqdim olunduğu satış yarmarkası təşkil edilib. Yarmarkada bal, pendir, müxtəlif ağartı məhsulları, ev üsulu ilə hazırlanmış turşular, təbii meyvə şirələri və digər kənd məhsulları nümayiş olunub.
Tədbir universitetin müəllim heyəti və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar məhsulların keyfiyyətini yüksək qiymətləndirərək onları məmnuniyyətlə əldə ediblər. Yarmarka həm tələbələrin praktiki bacarıqlarının inkişafına, həm də yerli və təbii məhsulların təşviqinə mühüm töhfə verib.
Layihənin əsas məqsədi kənd təsərrüfatı məhsullarının şəhər mühitində tanıdılması, tələbələrdə sahibkarlıq bacarıqlarının formalaşdırılması və ekoloji təmiz qida məhsullarına marağın artırılması olub.
Sonda qeyd olunub ki, bu cür təşəbbüslər universitet–icma əməkdaşlığının gücləndirilməsi, gənclərin sosial-iqtisadi fəallığının artırılması və davamlı inkişaf prinsiplərinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.