Mingəçevir Dövlət Universitetində “Sosial sağlamlıq innovasiya müsabiqəsi” keçirilib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində “Sosial sağlamlıq innovasiya müsabiqəsi” təşkil olunub.

Universitetin Humanitar fənlər kafedrası və İnformasiya texnologiyaları kafedrasının birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin əsas məqsədi ictimai sağlamlığın gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və bu sahədə innovativ yanaşmaların inkişaf etdirilməsi olub.

Müsabiqə çərçivəsində iştirakçılar ictimai sağlamlıq sahəsində mövcud problemləri təhlil edərək profilaktika, maarifləndirmə və rəqəmsal səhiyyə həlləri istiqamətində innovativ layihələr hazırlayıblar. Komandalar sağlam həyat tərzinin təşviqi, xəstəliklərin erkən aşkarlanması üçün rəqəmsal alətlər, psixoloji sağlamlığın qorunması, qidalanma vərdişlərinin yaxşılaşdırılması və səhiyyə xidmətlərinə çıxışın asanlaşdırılması kimi istiqamətlərdə ideyalar təqdim ediblər.

Tədbirin əsas fərqləndirici xüsusiyyətlərindən biri sosial sağlamlıq mövzusunun texnologiya ilə inteqrasiya olunaraq praktik həllərin hazırlanması olub. İştirakçılar layihələrini formalaşdırarkən mobil tətbiqlər, məlumat platformaları və süni intellekt əsaslı dəstək sistemləri kimi tətbiq imkanlarını da nəzərə alıblar.

Müsabiqə müddətində komandalar intensiv əməkdaşlıq şəraitində fəaliyyət göstərərək qısa zaman ərzində ideyalarını inkişaf etdirib təqdimata hazır vəziyyətə gətiriblər. Bu proses onların analitik düşünmə, problem həll etmə və komanda işi bacarıqlarının inkişafına mühüm töhfə verib.

Yekun mərhələdə iştirakçılar hazırladıqları layihələri münsiflər heyətinə təqdim ediblər. Qiymətləndirmə zamanı ideyaların innovativliyi, ictimai sağlamlığa təsiri, tətbiq imkanları və dayanıqlılığı əsas meyarlar kimi nəzərə alınıb. Ən uğurlu layihələr seçilərək fərqləndirilib və onların gələcək inkişafı ilə bağlı tövsiyələr verilib.

Qeyd edək ki, “Sosial sağlamlıq innovasiya müsabiqəsi” tələbələrin sosial məsuliyyət hissinin artırılması, ictimai sağlamlıq problemlərinə innovativ yanaşmaların təşviqi və universitetdə rəqəmsal səhiyyə və sosial innovasiya mühitinin inkişafına töhfə verən mühüm təşəbbüslərdən biridir.