Mingəçevir Dövlət Universitetində akademik plagiat və elmi dürüstlük mövzusunda təlim keçirilib

Mingəçevir Dövlət Universitetində “Akademik plagiat və elmi dürüstlük standartları” mövzusunda təlim təşkil olunub.

Təlim universitetin Elmi tədqiqat və innovasiya şöbəsinin müdiri Ramil Həsənov tərəfindən keçirilib. Təqdimat zamanı akademik plagiatın mahiyyəti, onun növləri, elmi tədqiqat prosesində etik prinsiplərin qorunması, düzgün istinad qaydaları və elmi dürüstlük standartlarının əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, elmi fəaliyyət zamanı dürüstlük prinsiplərinə riayət olunması, müəllif hüquqlarının qorunması və mənbələrin düzgün göstərilməsi keyfiyyətli və etibarlı tədqiqatın əsas şərtlərindəndir.

Təlimdə universitetin magistrantları iştirak edib. Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və praktik tövsiyələr təqdim olunub.

Qeyd edək ki, bu kimi təlimlər tələbələrin akademik yazı mədəniyyətinin formalaşdırılmasına, elmi etik davranış qaydalarının mənimsənilməsinə və ümumilikdə universitetdə elmi mühitin inkişafına mühüm töhfə verir.