Mingəçevir Dövlət Universiteti ilə Qırğızıstan-Türkiyə Manas Universiteti arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
İmzalanmış sənəd tərəflər arasında təhsil, elm və tədqiqat sahələrində əməkdaşlığın inkişaf etdirilməsini, o cümlədən tələbə, müəllim və inzibati heyət mübadiləsinin təşviq olunmasını nəzərdə tutur. Memoranduma əsasən, tərəflər birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi, beynəlxalq konfrans və seminarların təşkili, qısamüddətli təlim proqramlarının icrası, eləcə də innovativ tədris və idarəetmə təcrübələrinin paylaşılması istiqamətində fəaliyyət göstərəcəklər .
Sənəd eyni zamanda birgə təhsil proqramlarının inkişafı, ömürboyu təhsil təşəbbüslərinin həyata keçirilməsi, elmi-metodik nəşrlərin mübadiləsi və ətraf mühitin idarə olunması sahəsində ortaq fəaliyyət imkanlarını da əhatə edir.
Memorandumun icrasının təmin olunması məqsədilə hər iki universitet tərəfindən koordinatorlar təyin ediləcək və əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələrin planlaşdırılması və əlaqələndirilməsi bu şəxslər vasitəsilə həyata keçiriləcək.
2026-cı ilin 30 aprel tarixində əməkdaşlıq çərçivəsində MDU-nun Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsinin koordinatoru Pərviz Məmmədrzayev Qırğızıstan-Türkiyə Manas Universitetində səfərdə olub. Səfər zamanı universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Kadri Ağgün ilə görüş keçirilib, ali təhsil müəssisəsinin fakültələri, laboratoriyaları və tədris infrastrukturu ilə yaxından tanışlıq olub.
Görüşlər çərçivəsində əsas müzakirələr Türk dünyası universitetləri arasında inteqrasiyanın gücləndirilməsi, xüsusilə “Orhun Mübadilə Proqramı” çərçivəsində əməkdaşlıq imkanları və ikitərəfli tələbə-müəllim mübadiləsinin təşkili istiqamətlərində aparılıb.
Bununla yanaşı, MDU-da yeni yaradılması nəzərdə tutulan turizm ixtisası ilə bağlı Manas Universitetinin müvafiq fakültə rəhbərliyi ilə də görüş keçirilib, tədris modelinin öyrənilməsi və qabaqcıl təcrübənin tətbiqi imkanları müzakirə olunub.
Qeyd edək ki, imzalanmış memorandum tərəflər arasında gələcəkdə daha konkret proqram və layihələrin həyata keçirilməsi üçün əsas sənəd rolunu oynayacaq.