Mingəçevir Dövlət Universitetinin magistrantının innovativ tədqiqatı: Arıların instinktiv sistemi – yaşıl texnologiyaların gələcəyi kimi

Mingəçevir Dövlət Universitetinin magistrantı Ülvi Məmmədovun dissertasiya işi çərçivəsində Azərbaycanın müxtəlif regionlarında biomimikri və süni intellekt əsaslı yanaşmalar üzrə sahə tədqiqatları aparılıb. “Arıların instinktiv davranışları biomimikri və süni intellekt əsasında modelləşdirildikdə aerokosmik sistemlərdə dayanıqlı optimizasiya və yaşıl iqtisadiyyat perspektivləri” mövzusunu əhatə edən tədqiqat Daşkəsən rayonunun Bayan kəndində, eləcə də Göygöl rayonunun Üçtəpə və Topalhəsənli kəndlərində həyata keçirilib.

Tədqiqatın əsas məqsədi arı ailələrinin davranış mexanizmlərini öyrənərək bu təbii sistemlərin prinsiplərinin süni intellekt modellərində tətbiq imkanlarını müəyyənləşdirməkdən ibarət olub. Sahə müşahidələri zamanı arıların pətəklərə giriş-çıxış intensivliyi, qida axtarışı fəaliyyəti, kollektiv koordinasiya və qərarvermə davranışları sistemli şəkildə analiz edilib. Bununla yanaşı, ultrabənövşəyi şüalanma (UV), temperatur, rütubət və külək kimi ətraf mühit faktorlarının arıların aktivlik səviyyəsinə təsiri də kompleks şəkildə qiymətləndirilib.

Aparılmış müşahidələr nəticəsində müəyyən edilib ki, iqlim və hava şəraitində baş verən dəyişikliklər arıların davranış dinamikasına birbaşa təsir göstərir, onların fəaliyyət intensivliyini və kollektiv koordinasiya səviyyəsini formalaşdırır. Bu nəticələr təbii sistemlərdə mövcud olan adaptiv və özünü tənzimləyən mexanizmlərin texnoloji tətbiqlər üçün mühüm potensial daşıdığını bir daha təsdiqləyir.

Əldə olunan elmi nəticələr biomimikri yanaşması çərçivəsində arıların instinktiv davranışlarının süni intellekt modellərində istifadəsinin mümkünlüyünü əsaslandırır. Xüsusilə arıların kollektiv qərarvermə, resursların optimal bölüşdürülməsi və dəyişkən mühitə uyğunlaşma qabiliyyətləri aerokosmik sistemlərdə optimizasiya problemlərinin həlli üçün perspektivli model kimi qiymətləndirilir. Bu yanaşma həm də resurs səmərəliliyinin artırılması, enerji qənaəti və ekoloji dayanıqlılığın təmin olunması baxımından yaşıl iqtisadiyyat prinsiplərinə uyğun innovativ həllərin formalaşdırılmasına xidmət edir.

Qeyd edək ki, dissertasiya işi İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dos. Nüşabə Qədimli və magistrant Ülvi Məmmədov tərəfindən birgə həyata keçirilir və əldə olunan nəticələrin gələcəkdə tətbiqi yönümlü layihələrə transformasiyası nəzərdə tutulur.