2026-cı ilin 7 may tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər Təşkilatı və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev irsi: Müasir Azərbaycan dövlətçiliyinin strateji təməlləri və gələcəyə baxış” mövzusunda konfrans keçirilib.
Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP Mingəçevir şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, şəhərin müəssisə və təşkilatlarının əməkdaşları, universitetin və ümumtəhsil məktəblərinin müəllimləri, tələbə və şagirdlər iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Daha sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlar və sərgi ilə tanış olublar.
Konfrans Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ardınca Ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyat yolundan bəhs edən “Məşələ çevrilən həyat” sənədli filminə baxış keçirilib.
Konfransı giriş nitqi ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması, milli həmrəyliyin möhkəmləndirilməsi və ölkənin davamlı inkişaf strategiyasının müəyyənləşdirilməsində müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, Heydər Əliyevin uzaqgörən siyasi kursu nəticəsində müasir Azərbaycanın möhkəm dövlətçilik əsasları yaradılıb, milli maraqlara söykənən inkişaf modeli formalaşdırılıb. İlham İsmayılov Ulu Öndərin siyasi irsinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq Azərbaycanın beynəlxalq nüfuzunun, iqtisadi gücünün və regional liderlik mövqeyinin daha da möhkəmləndiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı tarixi roldan, milli dövlətçilik düşüncəsinin inkişafına verdiyi töhfələrdən danışıb. Deputat qeyd edib ki, Ulu Öndərin siyasi fəaliyyəti təkcə bir dövrün deyil, bütöv bir dövlətçilik məktəbinin formalaşmasına xidmət edib. O, xüsusilə gənc nəslin Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində maarifləndirilməsinin əhəmiyyətini vurğulayaraq bu cür konfransların milli-mənəvi dəyərlərin təbliği baxımından mühüm platforma olduğunu bildirib.
Açılış nitqlərindən sonra konfrans öz işini məruzələrlə davam etdirib.
YAP Mingəçevir şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır”, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov “Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri” və YAP Mingəçevir şəhər Təşkilatının veteranı Nurcamal Əsgərova “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə Ümummilli liderin siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, təhsil və səhiyyə sahələrinin inkişafı, milli ideologiyanın formalaşdırılması və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində həyata keçirilən tarixi xidmətlər geniş şəkildə təhlil olunub.
Konfrans bədii hissə ilə davam edib. Bədii hissədə Mingəçevir Dövlət Universitetinin tələbələri, məktəblilər və gənclər tərəfindən Ümummilli lider Heydər Əliyevə, Vətənə və dövlətçiliyə həsr olunmuş musiqilər səsləndirilib, şeirlər təqdim olunub.
Qeyd edək ki, keçirilən konfrans Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin təbliği, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşdırılması və Azərbaycançılıq ideologiyasının təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb.