Mingəçevir Dövlət Universitetində (MDU) tədrisin keyfiyyətinin artırılması, müasir pedaqoji yanaşmaların tətbiqinin genişləndirilməsi və gələcək müəllimlərin peşəkar kompetensiyalarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər davam edir.
Bu çərçivədə Səmərqənd Dövlət Universitetinin Pedaqogika və Ümumi Psixologiya kafedrasının müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Dildora Nazarovna Sulaymanova tərəfindən “Peşəkar kompetensiyanın inkişafında pedaqoji texnikaların rolu” mövzusunda master-klass təşkil olunub. Təlim DƏ24 və T24 qrupları üçün keçirilən “Pedaqogika-1” fənni çərçivəsində baş tutub.
Master-klass zamanı pedaqoji texnikaların mahiyyəti və struktur komponentləri, müəllimin nitq mədəniyyəti, jest və mimikalardan səmərəli istifadə, sinif idarəetməsi, tələbələrlə effektiv ünsiyyət bacarıqlarının formalaşdırılması kimi əsas məsələlər elmi-praktiki əsaslarla ətraflı izah edilib. Bununla yanaşı, müasir tədris texnologiyalarının tətbiqi və müzakirə, sual-cavab, кейс təhlili kimi interaktiv metodların rolu xüsusi vurğulanıb.
Sessiya ərzində təqdim olunan nəzəri biliklər real pedaqoji situasiyaların təhlili və praktik nümunələrlə zənginləşdirilib ki, bu da tələbələrin mövzunu daha dərindən mənimsəməsinə və praktik tətbiq imkanlarını daha yaxşı dərk etməsinə şərait yaradıb.
Təlim çərçivəsində müəllim peşəsinin mahiyyəti və pedaqoqun şəxsi keyfiyyətləri ilə bağlı məsələlər də müzakirə olunub. Vurğulanıb ki, müasir müəllim yalnız bilik ötürücüsü deyil, eyni zamanda istiqamətverici, motivator və mentor rolunu daşıyır. Güclü nitq mədəniyyəti, etik prinsiplərə sadiqlik, obyektivlik, ədalətlilik və tələbələrə fərdi yanaşma kimi peşəkar keyfiyyətlər xüsusi qeyd olunub.
Bundan əlavə, davamlı peşəkar inkişafın, yeniliklərə açıq olmağın, müasir pedaqoji və psixoloji yanaşmaların mənimsənilməsinin, eləcə də rəqəmsal texnologiyalardan səmərəli istifadənin vacibliyi vurğulanıb. Sinifdə müsbət psixoloji mühitin yaradılması, tələbə fəallığının stimullaşdırılması və yaradıcılığın təşviqi də peşəkar kompetensiyanın mühüm göstəriciləri kimi dəyərləndirilib.
Yüksək təşkilatçılığı və interaktivliyi ilə seçilən master-klass tələbələrin fəal iştirakını təşviq edib, onların müzakirələrə qoşulmasına, fikir mübadiləsi aparmasına və müxtəlif pedaqoji yanaşmaları təhlil etməsinə imkan yaradıb. Bu isə tələbələrin analitik düşüncə, müstəqil qərarvermə və pedaqoji kontekstdə yaradıcı problem həll etmə bacarıqlarının inkişafına müsbət təsir göstərib.
Qeyd olunub ki, pedaqoji texnikalar müəllimin peşəkar kompetensiyasının əsas tərkib hissələrindən biridir və tədris-təlim prosesinin effektivliyinin təmin olunmasında mühüm rol oynayır. Bu baxımdan, master-klass tələbələrin gələcək pedaqoji fəaliyyətə hazırlıq səviyyəsinin yüksəldilməsinə, peşəkar dünyagörüşlərinin formalaşdırılmasına və tədris bacarıqlarının inkişafına əhəmiyyətli töhfə verib.
Ümumilikdə, master-klass həm nəzəri, həm də praktiki baxımdan yüksək səviyyədə təşkil olunub, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və pedaqoji biliklərin inkişafına mühüm töhfə verib