10 fevral 2026-cı il tarixində Mingəçevir Dövlət Universiteti-də “Təhsildə Süni İntellekt Alətlərindən İstifadə” adlı beynəlxalq 5 günlük təlim proqramının ikinci modulu uğurla keçirilib. “Təhsildə Süni İntellekt və Generativ AI Alətləri” adlı modul ali təhsildə innovativ yanaşmaların tətbiqi, AI əsaslı texnologiyaların tədris prosesinə inteqrasiyası və müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb.
Generativ AI alətlərinin rəqəmsal transformasiyada artan rolunu nəzərə alaraq, modul zəngin nəzəri və praktiki məzmun təqdim edib. Modulun moderatoru dosent Ceyhun Mahmudov olub və sessiyalar Microsoft Teams platforması üzərindən onlayn formatda Azərbaycan vaxtı ilə saat 11:00–12:00 və 15:00–16:00 aralığında keçirilib. Modulda 80 nəfər iştirak edib.
Birinci sessiyada Middle East Technical University-nin professoru Dr. Ömər Delialioğlu “Təhsildə Süni İntellekt” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda prompt mühəndisliyinin prinsipləri, AI alətlərinin elektron təhsildə tətbiqi, ənənəvi və distant təhsil modelləri, həmçinin tədris prosesində AI əsaslı fərdiləşdirmə və adaptiv öyrənmə yanaşmaları ətraflı şəkildə izah olunub. Saat 12:00–12:30 aralığında keçirilən praktiki simulyasiya sessiyasında iştirakçılar prompt dizaynı və təhsildə AI alətlərinin tətbiqi üzrə interaktiv tapşırıqlarda iştirak ediblər.
İkinci sessiya isə MDU əməkdaşı Əziz Əmiraslanov tərəfindən “Web 3.0 əsaslı əməkdaşlıq və layihə idarəetmə alətləri” mövzusunda təqdim olunub. Təqdimatda Miro, Padlet, Notion, Trello və Figma kimi alətlərin tədris prosesində rolu, qrup layihələrinin planlaşdırılması, tapşırıqların izlənməsi, vizual təqdimatların hazırlanması və komanda əməkdaşlığının təşkili məsələləri əhatə olunub. Saat 16:00–16:30 aralığında keçirilən praktiki simulyasiya zamanı iştirakçılar Web 3.0 və AI əsaslı əməkdaşlıq platformalarını real təhsil ssenarilərində tətbiq ediblər.
Ümumilikdə, beynəlxalq təlim proqramının ikinci modulu ali təhsildə qabaqcıl beynəlxalq təcrübələrin paylaşılmasına, akademik heyətin innovativ və rəqəmsal bacarıqlarının inkişafına, eləcə də regionda rəqəmsal təhsil ekosisteminin gücləndirilməsinə mühüm töhfə verib. Təlim proqramı növbəti günlərdə də davam etdirilərək AI-nin tədris, qiymətləndirmə və idarəetmə proseslərinə inteqrasiyası mövzularını əhatə edəcək.