Mingəçevir Dövlət Universitetində vergi qanunvericiliyi və praktiki tətbiq mexanizmlərinə həsr olunan təlim keçirilib

Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Gəlir Vergisi üzrə Qanunvericilik Yenilikləri və Praktiki Tətbiq Mexanizmləri” mövzusunda təlim keçirilib. Təlim “Zəfər Bağları” MMC-nin mühasibi Səkinə Əliyeva tərəfindən təqdim olunub.

Təlimin əsas məqsədi tələbələrin vergi və maliyyə sahəsində bilik və bacarıqlarının artırılması, analitik düşüncə qabiliyyətlərinin inkişaf etdirilməsi, eləcə də müasir əmək bazarının tələblərinə uyğun peşəkar kompetensiyaların formalaşdırılması olub.

Tədbir çərçivəsində gəlir vergisi sahəsində son qanunvericilik dəyişiklikləri, vergi hesablamalarının aparılması qaydaları, əməkhaqqı və digər gəlirlər üzrə vergitutma mexanizmləri, müəssisələrdə vergi uçotunun düzgün təşkili və maliyyə proseslərində vergi intizamının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, gəlir vergisinin tətbiqi zamanı qarşıya çıxan əsas məsələlər, vergi hesabatlarının hazırlanması prosesi və bu sahədə praktik yanaşmalar iştirakçıların diqqətinə çatdırılıb.

Səkinə Əliyeva tərəfindən real mühasibat və vergi təcrübələrinə əsaslanan nümunələr təqdim olunub, müəssisələrdə vergi öhdəliklərinin düzgün icrası, qanunvericiliyin tətbiqində rast gəlinən problemlər və onların həlli yolları geniş şəkildə müzakirə edilib. Təlim zamanı vergi risklərinin minimuma endirilməsi, maliyyə intizamının gücləndirilməsi və effektiv vergi idarəçiliyinin təmin olunmasının iqtisadi sabitlik və peşəkar fəaliyyət baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

İnteraktiv formatda təşkil olunan tədbirdə universitetin tələbə və müəllim heyəti iştirak edib. Təlim çərçivəsində iştirakçıların sualları cavablandırılıb, mühasibatlıq və vergi sahəsində peşəkar inkişaf imkanları, praktiki bacarıqların artırılması və əmək bazarında bu sahəyə olan tələblər ətrafında fikir mübadiləsi aparılıb.

İştirakçılar tərəfindən böyük maraqla qarşılanan təlim nəzəri biliklərin real praktik nümunələrlə möhkəmləndirilməsi, vergi qanunvericiliyi üzrə aktual yeniliklərin mənimsənilməsi və gələcək peşə fəaliyyətinə hazırlığın gücləndirilməsi baxımından əhəmiyyətli akademik platforma kimi qiymətləndirilib.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində iqtisadiyyat, maliyyə və idarəetmə sahələrində praktik biliklərin gücləndirilməsi, əmək bazarının tələblərinə uyğun peşəkar kompetensiyaların inkişafı, analitik düşüncə mühitinin təşviqi və tələbəyönümlü elmi-praktik təşəbbüslərin genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyət davam etdirilir.