Mingəçevir Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş universitet birincilikləri keçirilib

  • Post category:İdman

2026-cı ilin 1–15 may tarixlərini əhatə edən dövrdə Mingəçevir Dövlət Universitetinin İdman-Sağlamlıq Kompleksinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş voleybol və stolüstü tennis üzrə universitet birincilikləri keçirilib.

Universitetdə sağlam həyat tərzinin təşviqi, tələbələrin fiziki fəallığının artırılması, komanda ruhunun gücləndirilməsi və gənclərin hərtərəfli inkişafının dəstəklənməsi məqsədilə təşkil olunan yarışlar MDU-nun tələbəyönümlü və dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq həyata keçirilib.

Voleybol üzrə keçirilən universitet birinciliyində fakültə komandaları arasında gərgin və maraqlı mübarizə yaşanıb. Yarışın yekun nəticələrinə əsasən Mühəndislik fakültəsinin komandası I yerə layiq görülüb. İqtisadiyyat fakültəsinin komandası II yeri, Pedaqoji fakültənin komandası isə III yeri tutub.

Stolüstü tennis üzrə universitet birinciliyində isə 52 tələbə iştirak edib. Yarış iştirakçıları yüksək idman hazırlığı və rəqabət ruhu nümayiş etdiriblər. Nəticələrə əsasən Kamran Hümbətov I yerin, Nasir Novruzov II yerin, Nuran Musayev isə III yerin sahibi olub.

Qaliblər və fərqlənən iştirakçılar universitet rəhbərliyi tərəfindən təbrik olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

MDU-da idman və sağlamlıq yönümlü təşəbbüslərin genişləndirilməsi, tələbələrin asudə vaxtlarının səmərəli təşkili və universitetin dayanıqlı inkişaf strategiyasının prioritet istiqamətləri üzrə fəaliyyətlər gələcək dövrdə də davam etdiriləcək.