Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri beynəlxalq təhsil imkanlarının genişləndirilməsi və qlobal təcrübənin artırılması məqsədilə Malayziyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan INTI Beynəlxalq Universiteti tərəfindən təşkil edilən Beynəlxalq Yay Məktəbi və “Study Tour” Proqramında iştirak etmək imkanı əldə edəcəklər.
Malayziyanın Nilai şəhərində yerləşən INTI Beynəlxalq Universiteti QS World University Rankings 2026 reytinqində dünyanın ən yaxşı universitetləri sırasında 509-cu, Asiya üzrə isə 122-ci yerdə qərarlaşıb. Müasir kampus infrastrukturu və beynəlxalq təhsil mühiti ilə seçilən universitet müxtəlif ölkələrdən gələn tələbələr üçün geniş akademik və mədəni imkanlar təqdim edir.
7 gündən 14 günədək davam edən proqram iştirakçılara Malayziyanın ali təhsil sistemi ilə yaxından tanış olmaq, müxtəlif akademik mövzular üzrə interaktiv dərslərdə və laboratoriya məşğələlərində iştirak etmək, həmçinin beynəlxalq tələbələrlə birlikdə mədəniyyətlərarası təcrübə qazanmaq imkanı yaradır.
Proqram çərçivəsində tələbələr biznes və kommunikasiya, ASEAN ölkələri və regional əməkdaşlıq, Malayziya mədəniyyəti və tarixi, ətraf mühit və davamlı inkişaf kimi mövzularda təşkil olunan akademik sessiyalarda iştirak edəcəklər. Eyni zamanda, iştirakçılar Malayziyanın zəngin mədəni irsi ilə tanış olmaq məqsədilə Kuala Lumpur, Malakka, Putrajaya, Genting Highlands, Batu Caves və Port Dickson kimi məşhur turizm məkanlarına ekskursiyalara qatılacaqlar.
Yay məktəbi iştirakçılarına Malayziyanın ənənəvi musiqi alətləri olan Gamelan və Caklempong üzrə praktiki mədəniyyət seminarlarında iştirak etmək imkanı da yaradılır.
Proqram haqqı
7 günlük proqram (1 həftə): 1800 Malayziya Ringiti (RM)
8–14 günlük proqram (2 həftə): 2 400 Malayziya Ringiti (RM)
Proqram haqqına daxildir
- Universitet kampusunda yerləşmə (4 nəfərlik otaqlar, kondisioner və ayrıca sanitar qovşaq);
- Hava limanından qarşılanma və yola salınma xidmətləri;
- Gündə 3 dəfə qidalanma;
- Tədris vəsaitləri və akademik materiallar;
- Daxili nəqliyyat xərcləri;
- Akademik seminarlar və laboratoriya məşğələləri;
- Mədəniyyət seminarları və workshoplar;
- Ekskursiya proqramları;
- Proqramın sonunda beynəlxalq sertifikat.
Proqram haqqına daxil deyil
- Aviabiletlər;
- Viza müraciəti və rəsmiləşdirmə xərcləri;
- Səyahət sığortası;
- Şəxsi xərclər;
- Mobil rabitə xidmətləri;
- Baqaj limitinin aşılması ilə bağlı ödənişlər;
- Proqramda nəzərdə tutulmayan əlavə turizm məkanlarına giriş biletləri;
- Ekskursiyalar zamanı bəzi qidalanma xərcləri.
İştirak şərtləri
INTI Beynəlxalq Universiteti Yay Məktəbi Proqramında iştirak etmək istəyən Mingəçevir Dövlət Universitetinin tələbələri aşağıdakı tələblərə cavab verməlidirlər:
- Ali təhsil müəssisəsinin aktiv tələbəsi olmaq;
- Yaxşı sağlamlıq vəziyyətinə malik olmaq;
- Qənaətbəxş akademik göstəricilər və nümunəvi davranış nümayiş etdirmək;
- İngilis dilində əsas ünsiyyət bacarıqlarına sahib olmaq;
- Komanda ilə işləmək və proqramı uğurla tamamlamaq bacarığına malik olmaq;
- INTI Beynəlxalq Universitetinin daxili qayda və tələblərinə riayət etmək.
Qeyd edək ki, proqram xaricdə təhsil almağı planlaşdıran tələbələr üçün beynəlxalq akademik mühitlə tanış olmaq, yeni dostluqlar qurmaq, fərqli mədəniyyətləri öyrənmək və gələcək peşəkar fəaliyyət üçün vacib bacarıqlar əldə etmək baxımından mühüm imkanlar yaradır.
Mingəçevir Dövlət Universiteti tələbələrinin beynəlxalq mobillik proqramlarında iştirakının genişləndirilməsi və qlobal təhsil məkanına inteqrasiyası istiqamətində fəaliyyətini davam etdirir.
Maraqlananlar MDU-nun Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsinə müraciət edə bilərlər.
Əsas tədris binası, 211-ci otaq.