2026-cı ilin 11 iyun tarixində Mingəçevir Dövlət Universitetində keçirilən “Beynəlxalqlaşma, İnnovasiya və Dayanıqlı İnkişaf Həftəsi” çərçivəsində “Ecovolley” Voleybol turniri təşkil olunub.
MDU-nun İş dünyası və məzunlarla əlaqə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir şəhər stadionunun voleybol meydançasında keçirilən turnirdə universitetin qiyabi formada təhsil alan tələbələri, müəllimlər, eləcə də tərəfdaş qurumların və sənaye nümayəndələrinin komandaları iştirak ediblər.
Turnirin keçirilməsində əsas məqsəd tələbələr, akademik heyət, iş dünyası və tərəfdaş təşkilatlar arasında qeyri-formal əməkdaşlıq mühitinin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi, komanda işi bacarıqlarının inkişaf etdirilməsi və universitet–sənaye əlaqələrinin daha canlı platformada genişləndirilməsi olub. “Ecovolley” turniri həm də MDU-da formalaşdırılan yaşıl kampus yanaşmasının, ekoloji düşüncə tərzinin və sosial məsuliyyət prinsiplərinin idman vasitəsilə təşviqinə töhfə verib.
Ümumilikdə 8 komandanın mübarizə apardığı turnir gərgin və maraqlı qarşılaşmalarla yadda qalıb. Yarış boyunca iştirakçılar yüksək əzmkarlıq, komanda ruhu və sağlam rəqabət nümayiş etdiriblər. Universitet mühitində idmanın yalnız fiziki aktivlik deyil, həm də sosial əlaqələrin möhkəmləndirilməsi, liderlik və əməkdaşlıq bacarıqlarının inkişafı üçün mühüm vasitə olduğu bir daha özünü göstərib.
Turnirin nəticələrinə əsasən, MDU-nun tələbələrindən ibarət “Alfa” komandası I yerə, Mingəçevir şəhər Təhsil sektorunun komandası II yerə, Kür Hazırlıq Kursunun komandası isə III yerə layiq görülüb.
Sonda qalib komandalar kubok, medal və diplomlarla təltif olunublar. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və universitetin iş dünyası, tərəfdaş qurumlar və tələbə icması ilə əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli təşəbbüs kimi qiymətləndirilib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində keçirilən “Beynəlxalqlaşma, İnnovasiya və Dayanıqlı İnkişaf Həftəsi” çərçivəsində təşkil olunan bu cür tədbirlər tələbələrin fərdi inkişafına, universitetin tərəfdaşlıq imkanlarının genişləndirilməsinə, sağlam və dayanıqlı kampus mühitinin formalaşdırılmasına xidmət edir.