Mingəçevir Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Narkotikə “YOX” deyək və sağlam həyat tərzini seçək” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarın keçirilməsində əsas məqsəd narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin elmi-praktik aspektlərini müzakirə etmək, profilaktik mexanizmlərin səmərəliliyini artırmaq, gənclər arasında sağlam həyat tərzini təşviq etmək və cəmiyyətdə bu təhlükəli meyillərə qarşı hüquqi, sosial və mənəvi məsuliyyət hissini gücləndirmək olub. Tədbirdə vurğulanıb ki, narkomaniya yalnız fərdin fiziki və psixoloji sağlamlığını deyil, həm də ailə institutunu, mənəvi dəyərlər sistemini, ictimai təhlükəsizliyi və cəmiyyətin sağlam gələcəyini təhdid edən ciddi sosial bəlalardan biridir. Bu baxımdan, antinarkotik mübarizə məsələsi yalnız hüquq-mühafizə müstəvisində deyil, həm də təhsil, maarifləndirmə və sosial məsuliyyət kontekstində xüsusi aktuallıq kəsb edir.
Universitetin hüquqşünası Polad Atayevin moderatorluğu ilə keçirilən seminarda qeyd olunub ki, narkotik asılılığına qarşı mübarizə yalnız inzibati və hüquqi tədbirlərlə məhdudlaşmamalı, eyni zamanda gənc nəslin sağlam həyat dəyərləri əsasında formalaşdırılması, onların zərərli vərdişlərdən uzaq tutulması, asudə vaxtının səmərəli təşkili və maarifləndirici fəaliyyətin gücləndirilməsi ilə müşayiət olunmalıdır. Çıxışlarda xüsusilə vurğulanıb ki, bu istiqamətdə ailə, təhsil müəssisələri, hüquq-mühafizə orqanları və cəmiyyətin digər institutlarının əlaqələndirilmiş fəaliyyəti mühüm əhəmiyyət daşıyır.
Seminarda MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Hüseyn Əsgərov 26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı Beynəlxalq Mübarizə Gününün mahiyyəti və əhəmiyyətindən danışaraq bu günün cəmiyyətin antinarkotik düşüncə ətrafında səfərbər olunması, hüquqi maarifləndirmənin genişləndirilməsi və sağlam həyat tərzinin təşviqi baxımından mühüm çağırış xarakteri daşıdığını bildirib.
Mingəçevir şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emin Şirəliyev narkomaniyaya qarşı təbliğat və maarifləndirmə sahəsində polis əməkdaşlarının fəaliyyəti, profilaktik tədbirlər və hüquqi izahat işləri barədə məlumat verib. Bildirilib ki, xüsusilə yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması üçün preventiv yanaşmanın gücləndirilməsi, təhsil müəssisələrində ardıcıl maarifləndirmə işinin aparılması və ictimai nəzarət mexanizmlərinin möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır.
MDU-nun Pedaqogika və psixologiya kafedrasının müəllimi Aydın Kərimov çıxışında yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna və asudə vaxtının səmərəli təşkilinə diqqətin artırılmasının vacibliyini vurğulayıb. Həmin kafedranın müəllimi Gültəkin Knyazova isə sağlam həyat tərzinin təbliği, antinarkotik maarifləndirmənin gücləndirilməsi və bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsinin cəmiyyətin sağlam gələcəyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Seminar çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, narkomaniyaya qarşı mübarizənin hüquqi, sosial, psixoloji və mənəvi aspektləri ilə bağlı müzakirələr keçirilib, antinarkotik təbliğata həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda vurğulanıb ki, narkomaniyaya qarşı mübarizə yalnız hüquqi və inzibati mexanizmlərlə deyil, həm də cəmiyyətdə sağlam düşüncə tərzinin, mənəvi dayanıqlığın və sosial məsuliyyət hissinin möhkəmləndirilməsinə xidmət edən ardıcıl maarifləndirmə siyasəti ilə dəstəklənməlidir. Bu mənada, MDU-da keçirilən elmi-praktik seminar gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təşviqi, hüquqi şüurun artırılması və cəmiyyətdə antinarkotik düşüncənin gücləndirilməsi istiqamətində mühüm akademik və ictimai platforma kimi dəyərləndirilib.