Mingəçevir Dövlət Universitetində qlobal əmək bazarına yönələn yeni mərhələ: beynəlxalq ixtisaslar və ingilisdilli qəbul imkanları genişləndirilir

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində 2026/2027-ci tədris ili üzrə əmək bazarının müasir tələblərinə, beynəlxalq təhsil trendlərinə və regionun inkişaf prioritetlərinə uyğun yeni ixtisas və ixtisaslaşmalar üzrə tələbə qəbulu aparılacaq.

Yeni tədris ilində bakalavriat səviyyəsi üzrə “Beynəlxalq ticarət və logistika” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisaslarına qəbul həyata keçiriləcək.

Magistratura səviyyəsi üzrə isə “Beynəlxalq biznesin idarə edilməsi”, “Beynəlxalq iqtisadiyyat” və “Beynəlxalq maliyyə” ixtisaslaşmaları üzrə tələbə qəbulu aparılacaq. Xüsusilə qeyd olunmalıdır ki, “Beynəlxalq maliyyə” ixtisaslaşması üzrə tədris ingilis dilində təşkil ediləcək.

2026/2027-ci tədris ilində MDU-da ilk dəfə olaraq “Kompüter elmləri” və “Turizm işinin təşkili” ixtisasları üzrə də ingilis dilində tələbə qəbulu nəzərdə tutulur. Bu yenilik universitetdə ingilisdilli təhsil imkanlarının genişləndirilməsi, tələbələrin beynəlxalq akademik mühitə inteqrasiyası və qlobal əmək bazarına çıxış imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Yeni ixtisas və ixtisaslaşmaların açılması Mingəçevir Dövlət Universitetinin beynəlxalqlaşma, rəqəmsal transformasiya, praktikyönümlü təhsil və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan strateji inkişaf xəttinin davamıdır. Universitet bu istiqamətdə əmək bazarı ilə əlaqələrin gücləndirilməsi, müasir tədris proqramlarının tətbiqi və tələbələrin gələcəyin peşələrinə hazırlanması üzrə fəaliyyətini davam etdirir.

Mingəçevir Dövlət Universiteti yeni tədris ilində də regionun insan kapitalının inkişafına, rəqabətqabiliyyətli mütəxəssis hazırlığına və beynəlxalq standartlara uyğun ali təhsil imkanlarının genişləndirilməsinə töhfə verməyi hədəfləyir.