“Cyber Summer School 2026” çərçivəsində velotur keçirilib

2026-cı ilin 8 iyul tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə Mingəçevir şəhərində keçirilən V “Cyber Summer School 2026” kiber yay düşərgəsi çərçivəsində iştirakçılar üçün velotur təşkil olunub.

Velotur AKTA, Mingəçevir Dövlət Universiteti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirin əsas məqsədi iştirakçılar arasında sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması, komanda ruhunun gücləndirilməsi, mikro nəqliyyat vasitələrindən istifadənin təşviqi, eləcə də düşərgə iştirakçıları arasında əməkdaşlıq və qarşılıqlı ünsiyyətin inkişafına töhfə vermək olub.

Velotur zamanı iştirakçılar Mingəçevir şəhərində əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə hərəkət edərək həm fiziki aktivlik nümayiş etdirib, həm də qeyri-formal mühitdə ünsiyyət qurmaq və komanda ruhunu daha da möhkəmləndirmək imkanı əldə ediblər. Veloturun sonunda bütün iştirakçılara diplomlar təqdim olunub.

Qeyd edək ki, V “Cyber Summer School 2026” kiber yay düşərgəsi çərçivəsində kibertəhlükəsizlik üzrə nəzəri və praktiki təlimlərlə yanaşı, iştirakçıların fiziki və sosial inkişafını dəstəkləyən müxtəlif idman və komanda fəaliyyətləri də təşkil olunur. Bu cür tədbirlər gənclər arasında sağlam həyat tərzinin təşviqinə, liderlik və əməkdaşlıq bacarıqlarının inkişafına, həmçinin düşərgə iştirakçıları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.