Mingəçevir Dövlət Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası arasında Birgə Fəaliyyət Planı təsdiqlənib

2026-cı ilin 10 iyul tarixində Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) arasında imzalanmış birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası məqsədilə hazırlanmış Birgə Fəaliyyət Planı təsdiqlənib.

Sənəd Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov tərəfindən təsdiq edilib.

2026-cı ilin sentyabrından 2027-ci ilin avqustunadək olan dövrü əhatə edən Fəaliyyət Planının əsas məqsədi kibertəhlükəsizlik, süni intellekt, məlumat analitikası və rəqəmsal transformasiya sahələrində müasir təhsil, tədqiqat və innovasiya imkanlarının yaradılması, tələbə və müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi, eləcə də universitet–sənaye əməkdaşlığının gücləndirilməsidir.

Fəaliyyət Planının mühüm istiqamətlərindən biri Mingəçevir Dövlət Universitetində “Kiber Akademiya” proqramının yaradılmasıdır. Akademiya çərçivəsində tələbələr, magistrantlar, doktorantlar və müəllimlər üçün kompüter şəbəkələrinin qurulması və idarə edilməsi, şəbəkə təhlükəsizliyi, etik hakerlik və penetrasiya testləri, rəqəmsal kriminalistika, bulud texnologiyaları, məlumat analitikası, Python proqramlaşdırma dili, verilənlər bazalarının idarə edilməsi, süni intellekt, maşın öyrənməsi, dərin öyrənmə və kompüter görməsi istiqamətlərində təlimlərin keçirilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində 12 təlim proqramının təşkili, 60 iştirakçının cəlb olunması və 20 beynəlxalq sertifikatın əldə edilməsi hədəflənir. Təlimlərin həyata keçirilməsinə Türkiyənin Orta Doğu Texniki Universiteti, Qazi Universiteti, Düzcə Universiteti və Recep Tayyip Erdoğan Universiteti kimi aparıcı ali təhsil müəssisələrinin mütəxəssislərinin də cəlb olunması planlaşdırılır.

Birgə Fəaliyyət Planına əsasən, bakalavriat səviyyəsində “Data analitikası” və “Süni intellekt mühəndisliyi”, magistratura səviyyəsində isə “İnformasiya təhlükəsizliyi” ixtisaslarının açılması üçün işçi qruplarının yaradılması və müasir əmək bazarının tələblərinə uyğun tədris planlarının hazırlanması nəzərdə tutulur.

Bununla yanaşı, Mingəçevir Dövlət Universitetinin Cisco Networking Academy, Huawei ICT Academy, AWS Academy və Microsoft Learn for Educators proqramlarına qoşulması, müəllimlərin beynəlxalq təlimçi kimi hazırlanması və tələbələr üçün beynəlxalq sertifikatlaşdırma imkanlarının yaradılması planlaşdırılır. Bu istiqamətdə dörd akademiyanın yaradılması, dörd müəllimin instruktor kimi hazırlanması, 30 tələbə və 10 müəllimin proqramlara cəlb edilməsi hədəflənir.

Sənəddə regionda ilk dəfə “Kibertəhlükəsizlik Forumu – 2026”nın keçirilməsi də nəzərdə tutulub. Dövlət qurumlarının, ali təhsil müəssisələrinin, sənaye şirkətlərinin və beynəlxalq ekspertlərin iştirakı ilə təşkil olunacaq forum çərçivəsində panel müzakirələrinin, sərginin, karyera yarmarkasının və biznes görüşlərinin keçirilməsi planlaşdırılır.

Əməkdaşlığın digər mühüm istiqaməti tələbələrin AKTA-ya üzv yerli və beynəlxalq şirkətlərdə istehsalat təcrübəsinə, mentorluq proqramlarına və real layihələrə cəlb edilməsidir. Huawei, Cisco, AzInTelecom, BestComp Group, R.I.S.K. Company, Prosol, Cyberpoint və SINAM kimi şirkətlərlə əməkdaşlıq tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına, peşəkar mühitlə daha yaxından tanış olmasına və gələcək məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Fəaliyyət Planında 2027-ci ilin aprel ayında “International Conference on Artificial Intelligence and Cyber Security – ICAICS 2027” beynəlxalq elmi konfransının keçirilməsi də yer alıb. Konfransın süni intellekt, kibertəhlükəsizlik, məlumat analitikası və rəqəmsal transformasiya sahələrində yerli və xarici alimləri, tədqiqatçıları və mütəxəssisləri bir araya gətirməsi nəzərdə tutulur.

Eyni zamanda, Mərkəzi Aran regionunun kibertəhlükəsizlik və rəqəmsal transformasiya problemlərinə yönəlmiş birgə elmi layihələrin və qrant müraciətlərinin hazırlanması planlaşdırılır. Bu çərçivədə Kibertəhlükəsizlik Monitorinq Mərkəzinin yaradılması, ağıllı su elektrik stansiyaları üçün kibertəhlükəsizlik sisteminin hazırlanması, “SIEM və SOC texnologiyaları” laboratoriyasının qurulması və regionun Kibertəhlükəsizlik Risk Xəritəsinin hazırlanması əsas təşəbbüslər sırasındadır.

Təsdiqlənmiş sənəddə Mingəçevir Dövlət Universiteti və AKTA-nın birgə təsisçiliyi ilə “CyberScope Azerbaijan” analitik-elmi jurnalının yaradılması da nəzərdə tutulur. Jurnalda kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal transformasiya üzrə elmi məqalələrin, statistik məlumatların, kiberinsidentlərin təhlilinin, ekspert müsahibələrinin, hüquqi yeniliklərin və tələbə innovasiyalarının dərc edilməsi planlaşdırılır.

Fəaliyyət Planının icra vəziyyəti müəyyən edilmiş nəticə göstəriciləri əsasında mütəmadi qiymətləndiriləcək, yekun hesabat hazırlanacaq və növbəti dövr üçün yeni fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək.

Birgə Fəaliyyət Planının təsdiqlənməsi Mingəçevir Dövlət Universitetində kibertəhlükəsizlik və rəqəmsal texnologiyalar üzrə müasir təhsil və tədqiqat ekosisteminin formalaşdırılması, beynəlxalq sertifikatlaşdırma imkanlarının genişləndirilməsi, tələbələrin əmək bazarına hazırlığının gücləndirilməsi və Mərkəzi Aran regionunda rəqəmsal inkişafın dəstəklənməsi baxımından mühüm addım hesab olunur.