AHİK-də tələbələrə adlı təqaüdlər təqdim edilib
Oktyabrın 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 2016-2017-сi tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdü təqdim edilib.
Təqdimetmə mərasimində AHİK-in sədri, Milli Məclisin üzvü Səttar Möhbalıyev çıxış edərək tələbələri bu münasibətlə təbrik edib. S.Mehbalıyev iştirakçıların nəzərinə çatdırıb ki, ali məktəb tələbələrinə adlı təqaüdün verilməsi ATİAHİ Respublika Komitəsinin gənclərlə bağlı həyata keçirdiyi tədbirlər sırasında mühüm yerlərdən birini tutur. Adlı təqaüd 1995-ci ildə Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə təsis edilib. Bu günə qədər 2087 nəfər tələbə bu təqaüddən yararlanıb və təkcə son beş ildə bu məqsədlər üçün Respublika Komitəsinin büdcəsindən 201 min 700 manat vəsait xərclənib. Bu gün ATİAHİ Respublika Komitəsinin adlı təqaüdünü təqdim edəcəyimiz tələbələrin sayı 61 nəfərdir. Onların hamısı əlaçı olmaqla yanaşı həm də həmkarlar ittifaqı fəalı olan gənclərdir.
AHİK sədri bildirib ki, bizim mühüm vəzifələrimizdən biri bu gənclərə dəstək olmaq, onlarda elmə təhsilə olan marağı daha da artırmaqdır. Bu gün gənclər siyasəti Azərbaycanda prioritet istiqamətlərdən birini təşkil edir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin inkişafının təmin edilməsi üçün ardıcıl iş aparılır. Ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Dövlət gənclər siyasəti və bu siyasət nəticəsində gənclərin təhsil, sosial müdafiə və işlə təminatı sahələrində atılan məqsədyönlü addımlar gənclərin imkanlarını genişləndirir. Təsadüfi deyil ki, hazırda minlərlə Azərbaycan gənci dünyanın inkişaf etmiş ölkələrinin aparıcı ali təhsil müəssisələrində dövlət hesabına təhsil alır, onların gələcəkdə layiqli vətəndaş kimi yetişərək ölkəmizə xidmət etmələri üçün hər cür şərait yaradılır.
S.Mehbalıyev qeyd edib ki, sağlam gənc nəslin formalaşdırılması üçün də addımlar atılır. Gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə Azərbaycan Prezidenti idmanın inkişafı üçün bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalayıb, respublikanın bütün bölgələrində müasir tələblərə cavab verən olimpiya kompleksləri tikilib gənclərimizin ixtiyarına verilib. Ölkə prezidenti cənab İlham Əliyev gəncləri daim diqqətdə saxlayır. Vaxtaşırı olaraq gənclərlə görüşlər keçirir, onları dinləyir və gəncliyimiz qarşısında duran problemlərin aradan qaldırılması üçün böyük işlər görür. Ölkə başçısının 15 sentyabr 2017-ci il tarixində imzaladığı “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı və dövlət proqramında nəzərdə tutulan tədbirlər bu istiqamətdə həyata keçirilən dövlət siysətinin göstəricisidir.
S.Möhbalıyev daha sonra deyib ki, biz də ATİAHİ Respublika Komitəsi olaraq çalışırıq ki, gənclərimizin inkişafına öz töhfələrimizi verək. Bu məqsədlə hər il ATİAHİ Respublika Komitəsi tərəfindən spartakiadalar, müsabiqələr, idmanın müxtəlif növləri üzrə yarışlar, intellektual oyunlar təşkil edilir, hər il sosial vəziyyəti ağır olan tələbələr üçün pulsuz nahar yeməyi təşkil edilir, ehtiyacı olan ittifaq üzvlərinə maddi yardımlar verilir. Bizim bu tədbirləri təşkil etməkdə başlıca məqsədimiz gənclərdə elmə, təhsilə maraq yaratmaq, onların asudə vaxtının səmərəli təşkili, gənclərin xoşagəlməz vərdişlərdən uzaq olmasını təmin etməkdir.
AHİK sədri gəncləri ATİAHİ Respublika Komitəsinin adlı təqaüdünə layiq görülmələri münasibətilə bir daha ürəkdən təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb və həmkarlar ittifaqı təşkilatları ətrafında sıx birləşməyə çağırıb.
Daha sonra adlı təqaüdlər tələbələrə təqdim edilib. Qeyd edək ki, adlı təqaüdə layiq görülənlər Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran ali məktəblərinin tələbələridir.
Bu il Mingəçevir Dövlət Universitetinin 050101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan II kurs AƏ16 saylı qrup tələbəsi Hacıyeva Kəmalə “Adlı təqaüd”ə namizəd olaraq göstərilmişdir. Bu gün keçirilən təqdimat zamanı tələbəmizə “Adlı təqaüd”ü Milli Məclisin deputatı, ATİAHİ-nin sədri Səttar Mehbalıyev təqdim edib.
{phocagallery view=category|categoryid=10|limitstart=0|limitcount=0}