You are currently viewing “Müəllimlərimiz fəxrimizdir” rubrikasının növbəti qonağı Namaz Rizvan oğlu Manafovdur

“Müəllimlərimiz fəxrimizdir” rubrikasının növbəti qonağı Namaz Rizvan oğlu Manafovdur

Mingəçevir Dövlət Universitetinin “Müəllimlərimiz fəxrimizdir” rubrikasının növbəti qonağı Namaz Rizvan oğlu Manafovdur.

Uzun illər MDU-da təhsil alan tələbələrin əksəriyyətinin formalaşmasında, söz sahibi olmasında Namaz müəllimin seminarlarının, mühazirələrinin, elmi-metodik vasitələrinin rolu böyük olub desək, yanılmarıq. Həyatını bütünlüklə təhsilə həsr etmiş, istər təhsil almaq, istərsə də təhsil vermək sahəsində əmək sərf etməkdən zövq almış, gərgin zəhmətlə, yaradıcılıqla, elmi araşdırmalarla məşğul olmuş Namaz müəllim beynəlxalq və respublika əhəmiyyətli bir çox tədbirlərdə, plenumlarda, konfranslarda, rəsmi toplantılarda aktiv iştirak edib. Daim özündən çox başqalarına daha faydalı olmağa çalışmış, hazırda ömrünün müdriklik çağını yaşayan dəyərli alimin elmi və pedaqoji fəaliyyətinin hər bir səhifəsi onun əsl ziyalı və şəxsiyyət imicini tamamlayır.

Namaz Rizvan oğlu Manafov 1 iyul 1949-cu ildə Yevlax rayonunda anadan olub. Orta təhsilini Yevlax şəhəri, 1 saylı orta məktəbdə alıb.

– 1967-1972-ci illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsil alıb, Alman və Azərbaycan dilləri müəllimi ixtisasına yiyələnib.

– 1980-1982-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda təhsil alıb.

– 1991-1995-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri sektorunun aspiranturasında oxuyub, Türk dilləri üzrə Filologiya elmləri namizədi adına yiyələnib.

– 2004-cü ildə Dosent adı alıb.

Əmək fəaliyyətinə 1973-cü ildə Yevlax şəhər 5 nömrəli səkkizillik məktəbdə müəllim kimi başlayıb, sonra direktor müavini vəzifəsində çalışıb. 1996-2000-ci illərdə Yevlax şəhər 15 nömrəli dəmiryol orta məktəbində direktor müavini kimi fəaliyyətini davam etdirib. 2000-2013-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında Pedaqoji fakültənin dekanı işləyib. 2013-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının “Xarici dillər” kafedrasının müdiri vəzifəsində çalışıb. 2015-ci ildən etibarən Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının dosenti olaraq fəaliyyətini davam etdirir.

Namaz Manafovun zəhmətkeş fəaliyyəti müxtəlif mükafatlarla qiymətləndirilib:

– 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi “Qabaqcıl Təhsil İşçisi” döş nişanı,

– 2011-cu ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı “Qızıl qələm” mükafatı laureatı,

– 2019-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi “Fəxri Fərman”a layiq görülüb.

Həyatını elmə, təhsilə həsr etmiş Namaz müəllimin çox sayda elmi məqalələri beynəlxalq indeksli və milli resenziyalı jurnallarda işıq üzü görüb. Həmçinin məruzələri beynəlxalq və respublika daxili elmi konfranslarda təqdim olunmuş və elmi məqalələr kitabında çap olunub. N. Manafov 3 metodik göstərişin müəllifidir. Ömrünün 75 ilini geridə qoyan dosent Namaz Manafov demək olar ki, bütün ruhunu elmin inkişafına həsr edib. O, bu gün də tükənməz enerji ilə çalışır, gənclərə dəstək olur, onların qarşıya qoyduqları məqsədlərə çatması üçün hər cür zəhmətə qatlaşır. Yüksək alimlik və tədqiqatçılıq keyfiyyəti ilə yanaşı, həm də incə qəlbə malik olan Namaz müəllimin bu keyfiyyətləri onun daha böyük həyat və elmi yaradıcılıq uğurlarına zəmin yaradır.

Yüksək insani dəyərlərə, tükənməz elmi və pedaqoji potensiala malik olan Namaz Manafova Mingəçevir Dövlət Universiteti ailəsi olaraq gələcək elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!