MDU-da “CODE:101 – CTF challenge” yarışı keçirilib

2024-cü il mayın 14-də Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “Yaşıl İnformasiya Texnologiyaları Həftəsi”nin ikinci günündə Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr edilmiş “CODE:101 – CTF challenge” adlı yarış  keçirilib.

MDU-nun “Kibertəhlükəsizlik” klubunun təşkilatçılığı baş tutan yarışda Mühəndislik fakültəsinin tələbələrindən ibarət 4 komanda informasiya təhlükəsliyi sahəsində öz bilik və bacarıqlarını nümayiş etdirməklə mübarizə aparıb.

MDU-nun Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva müsabiqəni açıq elan edərək, tədbirin aktuallığı barədə fikirlərini bölüşüb. O, CTF kibertəhlükəsizlik sahəsində keçirilən tədbirin əsas məqsədi barədə danışıb və bildirib ki, CTF yarışları vasitəsilə burada iştirak edən tələbələr kibertəhlükəsizlik sahəsində bilik qazanır, yeni peşəkar əlaqələr qurur və bu sahə üzrə araşdırma təcrübəsi əldə edirlər. A.Əliyeva yarışma barədə müəyyən tövsiyələrini verərək, tələbələrə bol-bol uğurlar arzu edib.

Qeyd edək ki, komandalar müəllim Elvin Muradzadənin rəhbərliyi ilə Adil Əhmədzadə, Rahid Zahirov, İbrahim Məmmədov, Rəsul Əhmədov tərəfindən yarış üçün hazırladıqları CTF platforması üzərindən mübarizə aparıblar.

Yarış 2 mərhələdə keçib. Müsabiqədə iştirak edən komandaların üzvləri Kriptoqrafiya, Şəbəkə sərhədləri, Veb təhlükəsizliyi, Reverse Engineering, Steganografiya, Forensika, Binary Exploitation, Mobile Security mövzuları əsasında hazırlanmış suallara cavab tapmağa çalışıblar.

5 saat müddətində davam edən CTF yarışmada ən yüksək nəticə göstərən  “Səfa” komandası 1850 balla qalib olub. Qalib komandaya “Kibertəhlükəsizlik” klubu tərəfindən Python proqramlaşdırma dili (Kibertəhlükəsizlik) və  SQL inyeksiya kursları hədiyyə edilib.