Cəbrayıl şəhərinin işğaldan azad olunmasının bir ili tamam olur

  • Post category:Xəbərlər (AZ)

Cəbrayıl şəhərinin işğaldan azad olunmasının bir ili tamam olur

 

Ötən əsrin sonlarında erməni separatçıları torpaqlarımızın 20 faizini işğal etmişdi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın qeyd şərtsiz azad olunması barədə dövlətimizin başçısı İlham Əliyevin səyi ilə Minsk qrupunun həmsədr dövlətlərinin iştirakı ilə aparılan danışıqlar heç bir fayda vermirdi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin qətiyyəti ilə atəşkəs əldə edilsə də düşmən tərəf dayanmır, hər gün sərhəd bölgələrimizdə silahlı hücumlar edərək dinc insanları belə qətlə yetirirdilər. Ali Baş Komandan İlham Əliyevin bacarığı ilə güclənən, formalaşan Azərbaycan Ordusu düşməni yerində oturtmağa, vətən torpaqlarını azad etmək əzmində idi. Bunu 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı sübut etdi. 2020-ci ilin 27 sentyabrında başlanan müharibə zamanı ordumuzun qəhrəman əsgər və zabitləri gecə gündüz ayıq sayıq dayanaraq torpaqlarımızı azad edərək dünyaya qalib Azərbaycanı təqdim etdi. Cəbrayıl rayonunun azad olunması xəbərini verən, xalqı müjdələyən dövlətimizin başçısının qələbə əzmi, vüqarı, qətiyyəti müharibə günlərində döyüşçülərimizə güc və inam verir, arxa cəbhədə öz birliyi, duaları ilə igidlərimizə dasyaq olan, xalqımızın birliyi, vəhdəti müharibənin Zəfərlə sona çatacağını bəyan edirdi.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıb. 52000 nəfər əhalisi olan,1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İşğaldan əvvəl rayonda əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərib.

Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbəvə məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində MehdiliÇaxırlıAşağı MaralyanŞəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.

2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev, Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır.

Otuz ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susub və münaqişəni həll etməyib. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deməyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başlamışdır. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etmişdir. Azərbaycan xalqı dünyaya qalibiyyəti ilə sübut etdi ki, Azərbaycanın Müzəffər Ordusu və Qalib Komandanı var.

 

İsmayıl İmanzadə

Azərbaycan Yazıçılar

Birliyi Mingəçevir filialının sədri