2024-cü ilin 16 mayında Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ərzaq təhlükəsizliyi strateji məsələdir” mövzusunda elmi-nəzəri seminar keçirilib. MDU-nun Fizika və ekologiya kafedrasının təşkilatçılğı ilə baş tutan tədbirə universitetin professor-müəllim heyəti, tələbə və magistrantları iştirak edib.
Çıxış edən MDU-nun Elm və İnnovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev ərzaq təhlükəsizliyini bütün dünya ölkələrinin milli-iqtisadi təhlükəsizlik sisteminin ən mühüm tərkib hissəsi kimi dəyərləndirildiyini bildirib. Qeyd edib ki, bu sahədə reallaşdırılan tədbirlər nəticəsində ölkəmizdə ərzaq təhlükəsizliyi sisteminin fəaliyyəti gücləndirilməkdədir.
MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova mövzu ilə əlaqədar fikirlərini bölüşüb, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər haqqında danışıb.
“Qida təhlükəsizliyinin əhalinin sağlamlığında müstəsna rolu” adlı maarifləndirici videoçarx nümayiş olunub.
Ardınca kafedranın müəllimlərinin mühazirələri dinlənilib. MDU-nun Fizika və ekologiya kafedrasının müəllimləri Leyla Əhmədova “Azərbaycanın ərzaq təhlükəsizliyi”, Gülmirə Məmmədova “Qloballaşan dünyada ərzaq təhlükəsizliyi problemi”, Aysel Bayramova “Ərzaq təhlükəsizliyinin təmin edilməsi insan inkişafının mühüm şərtidir”, Fəridə Həsənli “Qida təhlükəsizliyi və davamlı qida” mövzularında çıxış ediblər.
Elmi-nəzəri seminar müzakirələrlə davam edib.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif tədbirlər görülür.