Tələbələrimiz Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində MDU-nu təmsil ediblər

  • Post category:MDU xəbərləri

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.

2024-cü il 7 may tarixində Heydər Əliyev Sarayında keçirilən müsabiqə-festivalda respublikada fəaliyyət göstərən 26 ali təhsil müəssisəsindən 3000-dən çox tələbə iştirak edib.

Mingəçevir Dövlət Universitetinin istedadlı tələblərindən 3 nəfəri müsabiqəyə qatılıb. Əmrahov Elşad Aftandil oğlu, Hüseynzadə Şəhanə Hafiz qızı və Zeynallı Səma Qabil qızı yüksək peşəkarlıq nümayiş etdiriblər. Birinci mərhələdə universitetdə yaradılmış münsiflər heyətinin iştirakı ilə seçimlər aparılıb, ikinci mərhələdə isə seçilmiş ən yaxşı ifaçı və kollektivlər festivalın yekun konsertində iştirak etmək hüququ qazanıblar.

Qeyd edək ki, bədii yaradıcılıq müsabiqə-festivalının keçirilməsində məqsəd tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir. 

Festival-müsabiqənin qalibləri yekun konsertin nəticələrinə uyğun olaraq müəyyən ediləcək. Qaliblər fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqlar.