2025-ci ilin 4 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin Xarici dillər kafedrasının və Humanitar fənlər kafedrasının müəllimlərinin birgə təşəbbüsü ilə Ağdam rayonu Şıxbabalı kənd Kitabxanasında “Qadın dediyin…” adlı gender bərabərliyi mövzusunda maarifləndirici görüş təşkil olunub.
Müasir dövrdə gender bərabərliyi sosial ədalətin təmin olunması, inklüziv və davamlı inkişafın formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Qadınların elmə, təhsilə, mədəniyyətə və ictimai həyata fəal inteqrasiyası cəmiyyətin intellektual və mənəvi potensialının güclənməsinə, insan kapitalının inkişafına və sosial rifahın yüksəlməsinə töhfə verir. Bu kontekstdə təşkil olunan görüş qadınların hüquq və imkanları barədə məlumatlılığın artırılmasına yönəlib.
Tədbirdə Xarici dillər kafedrasının müəllimi Nərgiz Kərimova “Gender bərabərliyi” mövzusunda təqdimatla çıxış edib. Məruzədə gender anlayışının mahiyyəti, qadın və kişi hüquqlarının bərabərliyi, mövcud stereotiplərin sosial münasibətlərə təsiri və qadınların qarşılaşdığı çağırışlar ətraflı şəkildə təhlil olunub. Qeyd edilib ki, gender bərabərliyi yalnız hüquqi mexanizmlərlə məhdudlaşmır, eyni zamanda cəmiyyətin mənəvi dəyərlər sistemi və mədəni transformasiyası ilə sıx bağlıdır.
Çıxış zamanı Azərbaycan tarixində və mədəniyyətində mühüm iz qoymuş tanınmış xanımların həyat və fəaliyyəti nümunə kimi təqdim edilib. İlk opera müğənnisi Şövkət Məmmədovanın sənət yolundakı əzmkarlığı, Şərqdə ilk qadın opera bəstəkarı Şəfiqə Axundovanın milli musiqi mədəniyyətinə verdiyi töhfələr, eləcə də akademik, oftalmoloq-alim Zərifə Əliyevanın elm sahəsində qazandığı nailiyyətlər iştirakçıların diqqətinə çatdırılıb. Bu nümunələr qadınların bilik, zəhmət və iradə sayəsində ictimai həyatda mühüm mövqe qazandıqlarını bir daha nümayiş etdirib.
Görüş interaktiv müzakirə formatında davam edib, iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, aktual suallar səsləndiriblər. Tədbir qadınların maariflənməsi, sosial fəallığının təşviqi və bərabər imkanlar mühitinin formalaşdırılması istiqamətində əhəmiyyətli platforma rolunu oynayıb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində həyata keçirilən bu kimi təşəbbüslər inklüziv cəmiyyətin qurulmasına, insan hüquq və azadlıqlarının təşviqinə, eləcə də sosial ədalət prinsiplərinin gücləndirilməsinə istiqamətlənmiş institusional strategiyanın tərkib hissəsidir.