2024-cü ilin 07-12 yanvar tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti Qazaxıstan Respublikasında səfərdə olub. Səfər Avropa İttifaqının Erasmus+ proqramı tərəfindən maliyyələşdirilən “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” (GEOCLIC) layihəsi çərçivəsində baş tutub.
Layihənin MDU üzrə koordinatoru Sənan Mehdi, universitetin Daxili nəzarət şöbəsinin müdiri Elçin Əliyev, Karyera və İnkişaf Mərkəzinin əməkdaşı Razim Qurbanov Qazaxıstanın Əl-Fərabi Qazax Milli Universitetində olublar.
Nümayəndə heyətinə təlimlərdə ətraf mühitə təsirin qiymətləndirilməsi, ətraf mühit prosesləri və onların idarə edilməsinin modelləşdirilməsi, gələcək mühəndislər üçün innovativ məhsul və startap təşəbbüslərinin kommersiyalaşdırılması, açıq məlumat mənbələrinin və bulud əsaslı “RS”, “GIS” emalının qiymətləndirilməsi, tədris istiqamətində ekoloji dizayn mövzularında məlumatlar verilib.
Səfər çərçivəsində MDU-nun nümayəndə heyəti Əl-Fərabi Qazax Milli Universitetinin Mexanika-Riyaziyyat fakültəsində, Beynəlxalq əməkdaşlıq və beynəlmiləlləşdirmə departamentində, Mühəndislik və bilikyönümlü texnologiyalar klasterində və Peşəkar inkişaf və karyera ofisində olaraq potensial əməkdaşlıq istiqamətində geniş fikir mübadiləsi aparıb. S.Mehdi MDU-nun müasirləşmə yolunda atdığı addımlar, fəaliyyət istiqamətləri, GEOCLIC layihəsi çərçivəsində gördüyü işlər barədə təqdimatla çıxış edib.
Qeyd edək ki, müasirləşmə istiqamətini əsas prioritetlərdən hesab edən MDU Erasmus+ proqramı çərçivəsində potensialın gücləndirilməsi və mübadilə fəaliyyətini genişləndirmək üçün çoxsaylı universitetlərlə qarşılıqlı tərəfdaşlıq edir, müxtəlif layihələrdə koordinator, tərəfdaş qismində yer alır.