2023-cü il sentyabrın 22-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 2023/2024-cü tədris ilində bu ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul olunmuş birinci kurs magistrantlarla görüşüb.
Magistrant adını qazanmaları münasibətilə gəncləri təbrik edən Ş.Bayramov ali təhsillərini növbəti səviyyədə davam etdirmələri üçün MDU-nu seçdiklərinə görə onlara təşəkkürünü bildirib.
Universitetdə keçirilən çoxsaylı nəzəri və praktiki təlim, seminar və pedaqoji hazırlıqlarla yanaşı, magistratura səviyyəsində elmi tədqiqat istiqamətinin mühüm yer tutduğunu diqqətə çatdıran rektor magistrantları elmi tədbirlərdə fəal olmağı, MDU-da yaradılan bütün imkanlardan faydalanmağı tövsiyə edib.
Sonra, magistratura təhsilinin məzmunu, bu sahədə mövcud olan imkanlar və çağırışlar, magistrantların elmi fəaliyyətlərə aktiv cəlb olunması, MDU-nun strateji hədəflərinə çatmaq istiqamətində magistrantların verə biləcəyi mühüm töhfələr, dissertasiya mövzularının seçilməsində nəzərə alınmalı olan amillər və digər məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb.
Magistrantlar səmimi görüşə və göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, 2023/2024-cü tədris ilində MDU-ya 1500-dən çox tələbə və magistrant qəbul olub. Ənənəvi olaraq, hər tədris ilinin başlanğıcında universitet rəhbərliyinin yeni qəbul olan tələbə və magistrantlarla görüşləri təşkil edilir.