Heydər Əliyevi xatırlayarkən: hər ili, hər günü bir dastan olan ömür – AZƏRTAC-ın xüsusi layihəsi
AZƏRTAC tərəfindən hazırlanmış materialı təqdim edirik
Bakı, 10 may, AZƏRTAC
Azərbaycanın müasir tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqın xilaskar gözündə gördüyü Heydər Əliyev çox zəngin və mənalı ömür yaşayıb. Hər ayı, hər günü bir dastan olan bu böyük ömrün nişanələri fotolarda yaşayır. Hər il mayın 10-da Ulu Öndərlə bağlı xatirələr bir daha dilə gəlir, müxtəlif vaxtlarda çəkilmiş fotoşəkillər bizi Heydər Əliyevli günlərə qaytarır.
AZƏRTAC-ın arxivində hamımız üçün doğma və əziz, unudulmaz insan olan Heydər Əliyevin həyatının müxtəlif mərhələlərini əks etdirən minlərlə nadir fotoşəkil qorunur. Bu fotolar əsasında hazırlanmış xüsusi layihəni təqdim edirik.
Böyük ailənin sadə həyat tərzi
Həyata yol ailədən başlayır. 97 il əvvəl Naxçıvanın ucqar kəndində, sadə bir ailədə dünyaya göz açmış Heydər Əliyev böyük vəzifələrdə çalışmasına baxmayaraq, dəbdəbədən uzaq, sadə bir həyat yaşayıb. Respublikanın rəhbəri Heydər Əliyevin və görkəmli alim Zərifə xanımın ailəsi adi azərbaycanlı ailəsindən o qədər də fərqlənmirdi.
Heydər Əliyev gənc yaşlarından yüksək vəzifələr tutub, çiyinlərində bütün ölkənin yükünü daşıyıb. İşin çoxluğuna baxmayaraq, ailəsinə də vaxt ayırırdı. Ailə albomundakı fotolardan biri çox uzaq keçmişə aiddir. Biz bu fotolarda onu ömür-gün yoldaşı Zərifə xanımla yanaşı, övladları İlham və Sevilin, nəvələri Leylanın, Arzunun və Heydərin, gəlini Mehriban xanımın əhatəsində görürük.
Ulu Öndərin Vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən biri İlham Əliyev kimi oğul yetişdirməsidir. Fotoların birində ata və oğul yanaşı dayanaraq uzaq üfüqlərə baxırlar. İllər arxasından sanki bugünkü modern, dinamik inkişafda olan Azərbaycanı görürlər. Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev 17 ildir ki, Azərbaycana bacarıqla rəhbərlik edir, onu inamla gələcəyə aparır…
Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda həyatın axarını dəyişdi
Bu bölmədə toplanan fotolar ötən əsrin 70-80-ci illərində çəkilib. Mərkəzi hökumət keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri sayılan Azərbaycana ögey münasibət bəsləyir, respublikada ətalət və durğunluq hökm sürürdü. Bu xoşagəlməz tendensiya Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumundan – Heydər Əliyev birinci katib seçiləndən sonra aradan qalxdı. Çox keçmədən həyatın axarı büsbütün dəyişdi, respublikada böyük quruculuq dövrü başlandı. Bakıda o vaxtlar üçün nadir müəssisələr (məişət kondisionerləri, dərin dəniz özülləri zavodları), yaraşıqlı binalar (“Gülüstan” sarayı, Heydər Əliyev Sarayı) tikildi, böyük yaşayış massivləri (Yeni Əhmədli, Günəşli), mikrorayonlar salındı. Bununla paralel olaraq, kənd təsərrüfatı məhsulları, xüsusən pambıq, üzüm və tərəvəz istehsalında rekord nəticələr əldə olundu, əhalinin güzəranı yaxşılaşmağa başladı.
Elm və təhsilə xüsusi diqqət yetirən Heydər Əliyev istedadlı gəncləri keçmiş SSRİ-nin qabaqcıl məktəblərinə təhsil almağa göndərir və beləliklə, yüksəkixtisaslı kadr potensialı yetişirdi. Eyni zamanda, incəsənət və ədəbiyyat inkişaf edir, milli ruhlu əsərlər yaranırdı. Azərbaycan dövlət müstəqilliyini bərpa edərkən məhz bu kadr və intellekt potensialı köməyə çatdı.
Əvvəlki birinci katiblərdən fərqli olaraq, Heydər Əliyev bölgələrə müntəzəm səfərlər edir, insanlarla görüşür, onların problem və qayğıları ilə maraqlanırdı. Onun alimlər, yazıçılar, mədəniyyət xadimləri ilə görüşləri də ənənə halını almışdı. Qarşımızdakı bu ağ-qara fotolar özündə həmin dövrün ab-havasını yaşadır, bizi xəyalən o illərə qaytarır…
Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva dövrü
1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında Azərbaycan oğlunun yüksək mövqe tutması çox qürurverici hadisə idi. Bu illərdəki coşqun fəaliyyəti, yüksək işgüzarlığı, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırır, sorağı SSRİ hüdudlarını aşırdı. Heydər Əliyev mərkəzi hökumətdə tutduğu vəzifənin imkanlarından istifadə edərək, bir sıra böyük layihələri Bakıya yönəldirdi.
Bu bölmədəki fotolarda Heydər Əliyevin Moskva həyatının, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyətinin bəzi məqamları əks olunub.
Ulu Öndərin Naxçıvan həyatı
Mixail Qorbaçov siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi, ona qarşı həsəd və qısqanclıq hissləri baş qaldırdı. Ölkə rəhbərliyi ilə aralarında yaranmış ixtilaflar və ciddi fikir ayrılığı səbəbindən istefa verdi. Bir müddət Moskvada yaşamağa davam etdi.
Həmin vaxtlar Azərbaycanın başı üzərində qara buludlar dolaşırdı. Dağlıq Qarabağda separatçılıq hərəkatı baş qaldırmışdı. 1990-cı il yanvarın 20-də Sovet Ordusu Bakıda qanlı qırğın törətdi.
Bu ağır günlərdə Ulu Öndər vətəni Azərbaycana qayıtdı. Respublikanın o vaxtki rəhbərliyi onun Bakıya yolunu kəsdiyi üçün Heydər Əliyev doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Həmin vaxt çəkilmiş fotoşəkillərdə əhalinin onu necə coşqu ilə qarşıladığı, muxtar respublikadakı həyat və fəaliyyətinin müəyyən anları əksini tapıb.
Xilaskarın qayıdışı
1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etsə də, hakimiyyətdə təmsil olunanların səriştəsizliyi, siyasi çəkişmələr, vəzifə davaları ucbatından ölkədə vəziyyət getdikcə mürəkkəbləşirdi. Azərbaycan parçalanma, müstəqilliyini itirmək təhlükəsizliyi ilə üz-üzə qalmışdı.
Belə bir mürəkkəb vəziyyətdə Vətənin və xalqın taleyinə biganə qala bilməyən Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Fotoların biri özündə həmin tarixi anı yaşadır.
Ümummilli Lider məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı düşdüyü ağır vəziyyətdən qurtara bildi. Təhlükələri bir-bir dəf edərək ölkəmizi tərəqqi yoluna çıxardı. Heydər Əliyevə olan inam və etibar sayəsində 1994-cü ildə xarici şirkətlərlə neft kontraktı – sonradan “Əsrin müqaviləsi” adı almış tarixi saziş imzalandı. Bununla da iqtisadi inkişafın əsası qoyuldu. Fotoşəkillər bizi həmin günlərə qaytarır, bu dahi şəxsiyyətin titanik fəaliyyətinin ayrı-ayrı məqamları göz önündə canlanır.
Siyasət olimpinin zirvəsində
Dövlət müstəqilliyini yenicə əldə etmiş Azərbaycan o vaxt dünyada yetərincə tanınmır, beynəlxalq arenada ilk kövrək addımlarını atırdı. Heydər Əliyevin şəxsi nüfuzu burada da köməyə gəldi, Azərbaycanın dünyaya inamla çıxmasını şərtləndirən əsas amil oldu. Dünya liderləri ilə çoxsaylı görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər gənc dövlətin xarici siyasətinin uğurlarını təmin etdi. Həmin vaxt çəkilmiş fotolarda Heydər Əliyevin hər yerdə hörmət-izzətlə qarşılandığını görürük.
Dövlət və hökumət rəhbərləri, tanınmış siyasi xadimlər, məşhur yazıçılar Heydər Əliyevi siyasət nəhəngi, nadir istedad sahibi, tarixi və əfsanəvi şəxsiyyət adlandırır, ona bəslədikləri böyük hörmət hisslərini dilə gətirirdilər. Yeri gəlmişkən, bir neçə sitata nəzər salaq.
Rusiya Prezidenti Vladimir Putin: O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasi nəhəng idi. Mən ona, sadəcə, böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi.
ABŞ-ın sabiq Prezidenti Corc Buş: Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm.
Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev: Heydər Əliyev mənim yaxın dostum və ən çox hörmət etdiyim bir siyasətçi idi. Heydər Əliyev həm MDB ölkələri, həm də öz xalqı üçün çox işlər görmüşdür. Onun öz xalqı qarşısında xidmətlərinin əsl qiymətini gələcək nəsillər verəcək.
Qırğız yazıçısı Çingiz Aytmatov: Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir.
Məşhur ABŞ politoloqu Zbiqnev Bjezinski: Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir.
Ümummilli Liderə ümumxalq məhəbbəti
Fəxri xiyaban… Paytaxtımızın ən uca nöqtələrindən birində yerləşən bu ünvanda Heydər Əliyevin möhtəşəm, əbədiyyət simvolu olan abidəsi ucalır. Azərbaycana təşrif buyuran yüksək səviyyəli dövlət və siyasi xadimlər, hörmətli qonaqlar bu abidəni ziyarət edərək xalqımızın Ulu Öndərinin xatirəsinə hörmət və ehtiramını bildirirlər.
Ulu Öndərin doğum və anım günlərində insanlar axın-axın onun abidəsi önündən keçir, ruhu qarşısında baş əyirlər. Fotoobyektiv bu anları da tarixin yaddaşına köçürüb. Həmin mənzərəni seyr etdikcə tam əminlik yaranır ki, xalqın Heydər Əliyevə məhəbbəti onun özü kimi əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq, yaşayacaq…
{phocagallery view=category|categoryid=369|limitstart=0|limitcount=0}