Mingəçevir Dövlət Universitetinin (MDU) rektor v.m.i.e., Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov fəlsəfə doktoru diplomunu almış bu ali təhsil müəssisəsinin İqtisadiyyat kafedrasının müəllimi Yeganə Məmmədli ilə görüşüb. Görüşdə İqtisadiyyat kafedrasının müdir əvəzi Arif Tağıyev də iştirak edib.
Ü.Zeynalov Y.Məmmədlini 2023-cü il dekabr ayında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda “Aqrar sahənin modernləşdirilməsinin istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə təsirinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işini uğurla müdafiəsini yüksək qiymətləndirərək onu bu münasibətlə təbrik edib və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Ü.Zeynalov MDU-da elmi dərəcəsi və elmi adı olan əməkdaşların sayının artmasının universitetinin elmi potensialın güclənməsi baxımından müstəsna rol oynayacağını bildirib və iqtisadiyyat üzrə fəlsəfə doktoru diplomunu Y.Məmmədliyə təqdim edib.
Göstərilən diqqət və təbrikə görə minnətdarlığını bildirən Y.Məmmədli MDU-nun inkişafında töhfə verəcəyinə, ona göstərilən etimadı doğruldacağına əminliyini bildirib.
Qeyd edək ki, hazırda MDU-da əməkdaşların elmi dərəcə və elmi adlar almaları üçün müvafiq imkanların yaradılmasına xüsusi önəm verilir.