Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyası uğurla davam edir
Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin payız semestrinin 05 yanvar tarixində başlayan imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub.
24-29 yanvar tarixlərini əhatə edən növbəti imtahan günlərində bakalavriat səviyyəsində 151 qrup üzrə 2790 tələbə ümumilikdə 198 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 99.4% olub. Tələbələr tərəfindən Apellyasiya Komissiyasına müraciət daxil olmayıb.
Magistratura səviyyəsində 23 qrup üzrə ümumilikdə 24 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 100% olub.
Azərbaycan Respublikasının təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahının, “Qaynar xətt”in və Apellyasiya Komissiyasının fəaliyyəti təmin olunub. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayır. Valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında iştirakı təmin edilib. Hər həftənin cümə axşamı keçirilən “Açıq qapı” Günündə tələbələri və valideynləri maraqlandıran suallar universitet rektoru tərəfindən cavablandırlır.
Universitetdə payız semestrinin imtahan sessiyası cari ilin 02 fevral tarixinədək davam edəcək.