2024-cü il mayın 29-da Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyevin 101-ci ildönümünə həsr edilmiş “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.
MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev açılış nitqi ilə çıxış edərək, Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsinin inkişafı istiqamətində həyata keçirdiyi siyasətdən bəhs edib. Bildirib ki, Heydər Əliyevin zəngin Azərbaycan təbiətinə qarşı göstərdiyi xüsusi münasibət onun Azərbaycançılıq ideologiyasının tərkib hissəsi olub. Ümummilli lider hər zaman çıxışlarında yaşıl füsunkarlığın, inci kimi çayların gözəlliyinin, təmiz ekologiyanın insan həyatına əvəzsiz xidmət göstərdiyini və bu qiymətli dəyəri göz bəbəyi kimi qorumağın əhəmiyyətini vurğulayıb, təbiətin hər bir ünsürünün qorunub saxlanmasını, onun dirçəlməsinin və zənginləşdirilməsinin vacibliyini qeyd edirdi. Ana təbiətə zərər vuracaq hər bir addımın Ulu öndər tərəfindən qəzəblə qarşılandığını qeyd edən V.Mustafayev çıxışını Heydər Əliyevin söylədiyi “Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, öz-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız…” sözləri ilə tamamlayıb.
Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. Fizika və Ekologiya kafedrasının müdiri, dosent Təranə Yusibova “Yaşıl və əbədi dünya naminə milli ekoloji strategiyanın formalaşmasında Ümummilli lider Heydər Əliyevin rolu”, 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin Sənədlərlə İş Üzrə baş məsləhətçisi Lalə Əsgərova “Azərbaycanda ətraf mühitinin sağlamlaşdırılmasında Heydər Əliyev irsi”, Energetika kafedrasının müdiri, dosent Ülkər Aşurova “Yaşıl enerjiyə keçid ulu öndər Heydər Əliyevin müstəqil enerji siyasətinin davamıdır”, Mexanika kafedrasının müəllimi Qaragöz Kərimov “Azərbaycanın nəqliyyat sisteminin formalaşmasında ekoloji təhlükəsizliyin gözlənilməsi” mövzularında çıxış edərək, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüşün yaranmasından, onun ekologiya sahəsində verdiyi tövsiyələri layiqincə yerinə yetirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə flora və fauna müxtəlifliyinin qorunub saxlanılması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərdən bəhs ediblər.
Məruzələr dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, MDU-da “Yaşıl dünya naminə hərməylik ili” çərçivəsində müxtəlif formatlı tədbrilər həyata keçirilir.