2023-cü ilin fevralın 16-da Mingəçevir Dövlət Universitetində (MDU) “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin yeni nəşri olan “İslam maliyyə sistemi və alətləri” kitabının təqdimatı keçirilib. Kitabın müəllifi, İctimai Birliyin sədri, iqtisadçı Ruslan Atakişiyevin iştirakı ilə keçirilən təqdimata universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları qatılıblar.
Tədbirin açılışında çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov müəllifi təbrik edib, dünyada geniş yayılan islam maliyyəsi və bankçılığının öyrənilməsi baxımından kitabın önəmini diqqətə çatdırıb.
MDU kollektivi ilə bir arada olmaqdan məmnunluğunu ifadə edən R.Atakişiyev göstərilən diqqətə görə təşəkkürünü bildirib. Kitab haqqında ətraflı məlumat verən müəllif onun yazılması və ərsəyə gəlməsi barədə danışıb, kitabda oxucular üçün maraq doğuracaq bir sıra mövzularla bağlı fikirlərini bölüşüb.
Sonra kitab haqqında müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.
Maraqla qarşılanan təqdimatda müəllif tərəfindən iştirakçılara kitab hədiyyə olunub. Bundan əlavə, sözügedən kitabdan 30 nüsxə MDU kitabxanasına hədiyyə olaraq təqdim edilib.