MDU-nun Elmi işlər üzrə prorektor əvəzi prof. Veysəl Əyyubov və Dayanılqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzinin müdiri dos. Asim Məmmədovdan ibarət nümayəndə heyəti Türkiyənin Gedik Universitetində olmuşdur. Keçirilən görüşlərdə universitetlər arasında əməkdaşlıq imkanları geniş müzakirə olunmuşdur.
29 noyabr 2024-cü il tarixində MDU nümayəndə heyəti İstanbul şəhərində yerləşən İstanbul Gedik Universitetini ziyarət etmişlər. Nümayəndə heyətini İstanbul Gedik Universitetinin prorektoru prof. Şakir Dinçşahin qəbul etmişdir. Görüş zamanı hər iki universitet arasında əməkdaşlıq imkanları haqqında geniş fikir mübadiləsi aparılmışdı. Hər iki tərəf üçün belə bir əməkdaşlığın faydalı olacağı bildirilmişdir. Şakir Dinçşahin İstanbul Gedik Universitetinin MDU-nun bütün əməkdaşlıq təkliflərinə həmişə açıq olduğunu bildirmişdir. Prof. Veysəl Əyyubov səmimi qəbula görə təşəkkürünü bildirmiş və müasirləşmə yolunda olan MDU üçün bu cür əməkdaşlığın faydalı olacağını qeyd etmişdir.
Nümayəndə heyəti İstanbul Gedik Universitetinin Beynəlxalq əməkdaşlıq ofisində oldu. Prof. Savaş Dilibal və Yücel Kamarla görüşdülər. Səmimi keçən söhbət zamanı MDU ilə İstanbul Gedik Universiteti arasında əməkdaşlığın keçmişinə vurğu edildi və qeyd edildi ki, iki ali təhsil müəssisəsi arasında əvvəlki illərdə müəyyən əməkdaşlıq əlaqələri yaranmışdır. Bu isə imkan verir ki, hazırda bu əməkdaşlıq uğurla davam etdirilsin.
Xatırladaq ki, 2022-ci il noyabr ayının 4-də Heydər Əliyev Mərkəzində keçirilən Türkiyə – Azərbaycan biznes forumu çərçivəsində MDU və İstanbul Gedik Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı inkişaf etdirilməsini, o cümlədən, universitet-sənaye əməkdaşlığı çərçivəsində ortaq fəaliyyətləri əhatə edir.