MDU Karyera mərkəzinin dəstəyi ilə iş adamı ilə tələbələrin görüşü keçirilib
Aprelin 16-da Mingəçevir Dövlət Universitetində “Şəxsi biznesə gedən yol” mövzusunda tədbir keçirilib. “ForHome”, “Mutfakçı” və “Belissa” mağazalar şəbəkəsinin təsisçisi, iqtisad üzrə fəlsəfə doktoru İlkin Namaz oğlu Manafovun tələbələrlə görüşü baş tutub.
Tədbiri giriş sözü ilə Mingəçevir Dövlət Universiteti Karyera mərkəzinin direktoru Üzeyir Zeynalov açıb. İş adamı İlkin Manafov haqqında və görüşün məqsədi barədə məlumat verib.
Sonra İlkin Manafov Azərbaycanda uğurlu marketinq və biznes karyerasının necə qurulması barədə tələbələrə məlumat verib.O bildirib ki, ilk öncə “uğurlu” sözünə tərif vermək lazımdır. Hər kəs uğuru bir cürə başa düşür. Onun fikrimcə uğur faydalı olmaq deməkdir. İnsan özünə, sevdiklərinə və ətrafına faydalı olduğu anda uğurlu olur. O qeyd etdi ki, Azərbaycanımızda (digər ölkələrdə olduğu kimi) uğurlu karyera qurmaq üçün mütləq sevdiyin işlə məşğul olmaq lazımdır. Yalnız bu zaman insan nəticə əldə edə bilir. O məşğul olduğu işi inanılmaz dərəcədə sevdiyini və işindən həzz aldığını bildirdi.
Sonra İlkin Manafov tələbələrə yerli bazarda yeni brendin necə yaradılmasından danışdı.Onun fikrincə brend biznesin quludur. Heç bir şəkildə əksi deyil. Brend biznes hədəflərinə xidmət etməlidir, əks olduğu halda, problemlər çıxır. Şirkətdə brend menecerlər başa düşməlidirlər ki, onların əsas məqsədi brend qurmaq deyil, brend vasitədir. Məqsədi tapıb ona doğru hərəkət etmək birinci şərtdir.
Brend qurmağın düsturu və alqoritmi yoxdur. Ola da bilməz. Brend fərqlənmə qabiliyyətidir. Əgər bir şeyin adı – fərqlənməkdirsə onu necə təsvir etmək olar. Məncə, müştərini başa düşmək və onun real ehtiyacını bilib ona uyğun bazarda olmayan dəyər yaratdıqda brend yaranır.
İş adamı İlkin Manafov qeyd edib ki, onun fikrincə şəriksiz biznes olmur. Əgər Siz bizneslə məşğulsunuzsa sizin mütləq bu işi həyata keçirmək üçün partnyorlarınız olmalıdır. Bu çox təbiidir. Dünyanın ən böyük şirkətlərinə baxsanız, hər birində şəriklər, partnyorlar var. Əlbəttə, biznesin inkişaf dərəcəsi, həyat itkisinə görə şəriklərə olan tələblər dəyişir. İ.Manafovun fikrincə şəriklər biznesin dirəyidir.
Bütün bizneslərimdə şəriklər mütəmadi iştirak edir. Hətta yaranmasında birbaşa iştirak etməyən, əməkdaşlarımızda daha sonra şərik statusunda olurlar. Bizim bütün mağazalarımız şəriklik çərçivəsində işləyir. O qeyd etdi ki, yeni mağaza açanda hər zaman, şərikli açılma versiyasına üstünlük verir. İ.Manafov hesab edir ki, düzgün seçilmiş şərik biznesi daha dayanıqlı edir. O, müxtəlif səbəblərdən qohumlarla iş birliyi qurmağa müsbət baxmadığını qeyd edib. Amma əgər, qohum xüsusi biliyə, bacarığa sahibdirsə, sırf qohumdur deyə, işə götürməmək də düzgün deyil.
İş adamı İlkin Manafov qeyd edib ki, o özünü uğurlu hesab etmir. O düşünür ki, uğurları növbəti 5 ildə daha ciddi formada görünəcək. Ümumiyyətlə, uğurlu biznes və ya uğurlu biznes adamı ifadəsi çox subyektivdir. Hərənin öz uğur fiksasiyası var. Onun üçün uğur çalışdığı ölkədə, sektor üçün ən effektiv şirkət qurmaqdır.
Azərbaycanda bazar hər keçən gün müsbətə doğru dəyişir. Hər il ölkəmizdə daha ciddi sahibkarlar, biznes adamları olur. Xatırlayıram əvvəllər bizim forumlarda şirkət menecerləri belə, danışmırdı. Bu gün artıq şirkət sahibləri həvəslə öz biznes sirlərindən bəhs edirlər. Bu bazarın necə inkişaf etməsinin göstəricisidir. Devalvasiya ölkəmizdə biznesdə olan bir çox “sabun köpüyünü” aradan qaldıra bildi. O gələcəkdə daha yaxşı olacağına əmin olduğunu bildirdi.
İlkin Manafov qeyd etdi ki, ki, marketoloq sahibkarın “kiçik qardaşı”, görən gözü olmalıdır. Yerli sahibkarlıq inkişaf etdikcə, əlbəttə, marketoloqlar da inkişaf edir və ya, əksinə. Marketoloq biznes dəyər zəncirini sahibkar qədər bilməli, biznesi hiss etməlidir. Yalnız belə olduğu zaman, sistemli marketinqdən, marketinq effektivliyindən danışmaq olar. Marketinq hesabına marketinq heç kimə lazım deyil. Marketinq biznesdə mənfəətin artmasına çalışmalıdır. Əlbəttə, bunun yeganə yolu müştəri məmnuniyyətidir. Amma məqsəd – məqsəd olaraq qalır. Keçirilən forumlar, tədbirlər marketinqin inkişafına böyük təkan verir.
İ.Manafov qeyd edib ki, Marketinq AİR deyilən bir istiqamət var. Təsəvvür edin ki, bu gün 200-dən çox ölkə şirkətlərində ən azı, 1 nəfər AİR məzunu var. Bu bizim AİR təsis etdiyimiz zaman, missiyamız olan – paylaşmaq konsepsiyasının məhsuludur. Mən AİR-çi məzun görəndə çox sevinirəm. Marketinqin hər keçən gün ölkəmizdə daha çox inkişaf etdiyindən əminəm.
Magistrant Babək Hüsüyev İlkin Manafova belə bir sualla müraciət edib:
Bu gün şirkətlərə rebrendinq lazımdırmı? Bunun hansı üstün və fəsadları ola bilər?
İ.Manafov bildirdi ki, bu sualla cavab vermək üçün konkret şirkəti (brendi) təhlil etmək lazımdır. Rebrendinq şirkətin brend dəyərinin dəyişilməsi – yenilənməsi deməkdir. Bunu etmək üçün, əlbəttə, ciddi araşdırmalar və mükəmməl icra lazımdır. Hesab edirəm ki, brendlər zaman-zaman rebrendinq etməlidir və ya ən azından öz simasını, marketoloqların diliylə desək “facelifling” və ya “restayling” etmək şərtdir. Müştəri dəyişir, bazar dəyişir, ehtiyaclar dəyişir və brendin dəyərləri də mütləq dəyişməlidir.
İlkin Manafov Azərbaycanda sponsorluq məsələsinədə toxunub. Qeyd edib ki, sponsorluq brendin ilkin yarandığı vaxtlarda çox effektiv tanıtım vasitəsidir. Düşünürəm ki, sponsorluq brendinq istehlakçıya verdiyi ana dəyərə uyğun olmalıdır. Brendin dəyərinə uyğun və maliyyə göstəriciləri (CPT və GRP) düzgün olan istənilən istiqamətdə sponsorluq effektiv ola bilər. Pul xərcləməyə dəyər. Bildirib ki, bizim ana fəaliyyətimiz mətbəx mebelidir. Mutfakçı olaraq, həm istehsalçı, həm də satıcı olaraq çıxış edirik. Mətbəxlə əlaqəli olan TV verilişlərinə, jurnallara zaman-zaman sponsorluq etmişik. Gələcəkdə yemək bloggerləri ilə əməkdaşlıq etməyi planlayırıq. Düşünürəm ki, bu çox effektiv olacaq.
İlkin Manafov onu da bildirdi ki, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Türkiyə bazarlarında marketinq və satışın idarə edilməsi sahələrində çalışmışam. Hazırda yalnız Azərbaycan bazarında sektor lideri olmaq üçün çalışırıq. Buna nail olduğumuz andan, yəqin ki, Rusiya bazarı barədə düşünəcəyik. Onu da vurğuladı ki, internetlə əlaqəli, yeni biznes modelli istiqamətlər tezliklə çox perspektivli olacaq. Ən əsası mənə görə, bildiyin, həvəsin olan istənilən sahədə güclü biznes qurmaq olar.
Sonda İlkin Manafov tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Qeyd edək ki, İlkin Namaz oğlu Manafov Mingəçevir Politexnik İnstitutunun (indiki Mingəçevir Dövlət Universitetinin) məzunudur. İqtisad üzrə fəlsəfə doktorudur. Almaniyanın Steinsbeis Universitetində ixtisasartırma kursları keçmiş, Marketinq Strategiyası mövzusunda dissertasiya işinin tətbiqini Almaniyada həyata keçirmişdir. Hazırda Bakıda və regionlarda fəaliyyət göstərən “ForHome”, “Mutfakçı” və “Belissa” mağazalar şəbəkəsinin təsisçisidir. 2018-ci ildə rəhbərlik etdiyi şirkət ölkədə ən dinamik inkişaf edən mebel şirkətlərindən olmuşdur. 2016-2018-ci illərdə Ana dilimizdə ən çox oxunan biznes ədəbiyyatı olan “360 dərəcədə brendinq” kitabının müəllifidir. Milli Marketinq Forumu, Marketinq AİR-in həmtəsisçisidir. İngilis, alman, rus və türk dillərini sərbəst bilir.
{phocagallery view=category|categoryid=136|limitstart=0|limitcount=0}