Mingəçevir Dövlət Universitetinin Əziz Məzunları!
Dünən Sizin iştirakınızla universitetimizdə yaddaqalan Məzun Günü keçirdik.
Tədbirdə hörmətli Təhsil nazirimizin də iştirak etməsi universitetimiz üçün əlamətdar hadisə oldu.
Sizi, valideynlərinizi, ailə üzvlərinizi və müəllimlərinizi MDU-nun məzunu olmağınız münasibətilə ürəkdən təbrik edirəm.
İnanıram ki, tələbələrimizin, onların valideynlərinin və müəllimlərimizin fədakər əməyi sayəsində məzunlarımızın timsalında həm yaxşı mütəxəssis, həm də layiqli vətəndaş yetişdirməyi bacara bilmişik.
Əminəm ki, MDU-da qazandığınız bilik və bacarıqlar, topladığınız həyat təcrübəsi daim Sizin yolunuza işıq saçacaqdır.
Unutmayın ki, Siz MDU-da təhsil almaqla MDU ailəsinin əbədi üzvünə çevrilmisiniz. Yəni, məzun olmaq bu ailəni tərk etmək anlamına gəlmir. Bu günə qədər tələbə statusunda olduğunuz MDU ailəsində bundan sonra məzun statusunda təmsil olunacaqsınız.
Unutmayın ki, daim Sizin xoş sədalarınızı gözləyən doğma universitetiniz və əziz müəllimləriniz vardır.
Hər birinizə, bundan sonrakı təhsilinizdə, əmək fəaliyyətinizdə və şəxsi həyatınızda bol-bol uğurlar arzulayıram.
Yolunuz daim açıq olsun!