2023-cü ilin iyunun 20-də Ankarada Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan və Türkiyə: Bir millət, iki dövlət, tək yumruq” mövzusunda elmi konfrans keçirilib. AHBVU-nun ev sahibliyi ilə baş tutan konfransda Səfirliyin nümayəndələri, hər iki ali təhsil müəssisəsinin akademik və inzibati heyət üzvləri, tələbələr, magistrantlar və doktorantlar iştirak ediblər.
Konfrans Ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov, AHBVU-nun prorektoru Orhan Kurtoğlu və Azərbaycanın Türkiyədəki Səfirliyinin birinci katibi İslam Quliyev çıxış ediblər.
Konfrans iştirakçılarını salamlayan AHBVU-nun prorektoru O.Kurtoğlu Türk Dünyasının öndər şəxsiyyətlərindən olan Heydər Əliyevin əziz xatirəsinə həsr olunan belə bir ortaq konfransa evsahibliyi etməkdən məmnun olduğunu bildirib. Uzaqgörən və qətiyyətli siyasəti, parlaq ideyaları, türk xalqlarının dəyərləri və ənənələrinə bağlılığı ilə Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin müasir inkişafına əhəmiyyətli töhfələr verdiyini qeyd edən prorektor hazırda Azərbaycanla olan münasibətlərin digər ölkələrdən tam fərqləndiyini və ən yüksək səviyyədə inkişaf etdiyini bildirib. Çıxışında 44 günlük Vətən Müharibəsində qazanılan şanlı qələbəni vurğulayan O.Kurtoğlu qeyd edib ki, Qarabağ Zəfəri ilə xalqlarımız gücünü bütün dünyaya nümayiş etdirdi. MDU ilə əməkdaşlığın uğurla davam etdiyini bildirən prorektor Səfirliyin və hər iki tərəfdaş universitetin işbirliyi çərçivəsində keçirilən ortaq konfransın təşkilatçılarına və məruzəçilərinə təşəkkür edib.
MDU-nun rektoru Ş.Bayramov çıxışında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Türkiyədə tərəfdaş AHBVU-da keçirilən birgə elmi konfransda iştirakdan məmnunluğunu ifadə edib. Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi və sağlam əsaslar üzərində davamlı gücləndirilməsinin Ulu Öndərin müstəsna xidmətlərindən olduğunu qeyd edən Ş.Bayramov bildirib ki, hazırda tarixinin ən qüdrətli dövrünü yaşayan və şanlı zəfərlərlə dolu ən şərəfli səhifələrini yazmaqda davam edən müasir Azərbaycan Ümummilli Liderimizin şah əsəridir. Dahi şəxsiyyətin “Mənim üçün öz canımdan, öz qanımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir” kəlamını səsləndirən rektor əbədiyaşar liderin bütün ömrünü canından çox sevdiyi Azərbaycanın parlaq gələcəyinə və xalqının rifahına həsr etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Ümummilli Liderimizin ideyalarına və siyasi kursuna sadiqliyini ifadə edən Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nəhəng uğurlar, tarixi qələbələr ölkəmiz üçün bu siyasi xəttin alternativsizliyini bir daha nümayiş etdirir. Ulu Öndərin Azərbaycan-Türkiyə əlaqələrinə hər zaman “Bir millət, iki dövlət” kontekstində yanaşdığını qeyd edən Ş.Bayramov dahi şəxsiyyətin bu münasibətlərin hərtərəfli inkişafına misilsiz töhfələr verdiyini bildirib. Vurğulayıb ki, hazırda qardaşlıq bağlarımızın, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bir millət, iki dövlət, tək yumruq” olaraq daha da güclənməsi və strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi olduqca qürurvericidir. Yaradılmasının ikinci yüzilliyinə qədəm qoyan Türkiyə Cümhuriyyətində inşasına başlanılan “Türkiyə yüz ili” strategiyasının Türk Dünyasının birliyinin daha da möhkəmlənməsində mühüm rol oynayacağına əminliyini ifadə edən Ş.Bayramov bu baxımdan elm, təhsil və mədəni əlaqələrin, universitetlər arası əməkdaşlığın önəmindən danışıb. AHBVU ilə MDU arasında işbirliyinin inkişafından söhbət açan rektor tərəfdaşlığın uğurlu nəticələrinin bir nümunəsi olaraq dəyərləndirilən hazırki konfransın təşkilində dəstəyi və əməyi olanlara təşəkkürünü bildirib.
Sonra, Azərbaycanın Türkiyədəki Səfirliyinin birinci katibi İ.Quliyev çıxış edərək Səfir Rəşad Məmmədovun salamlarını çatdırıb və qardaş ölkələrin tərəfdaş universitetləri ilə birgə təşkil olunan elmi konfransda iştirak etməkdən məmnunluğunu ifadə edib. Səfirliyin dəstəyi və təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Türkiyədə çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdıran birinci katib AHBVU və MDU-nun timsalında Azərbaycan və Türkiyə universitetlərinin bu sahədə birgə səylərini müsbət qiymətləndirib. Müasir Azərbaycanın memarı, xilaskar lideri, ulu öndər Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətinin Türk Dünyası üçün əhəmiyyətindən bəhs edən İ.Quliyev Azərbaycan və Türkiyə arasında qardaşlıq bağlarının güclənməsində dahi şəxsiyyətin misilsiz rolundan danışıb. Hazırda Azərbaycan-Türkiyə münasibətlərinin daha yüksək səviyyəyə çatdığını qeyd edən İ.Quliyev güclü Türkiyənin bütün Türk Dünyası üçün mühüm önəm kəsb etdiyini vurğulayıb. Qardaş ölkələrin çətin zamanlarda hər zaman bir-birinin yanında yer aldığını söyləyən İ.Quliyev Azərbaycan və Türkiyənin artıq “Bir millət, iki dövlət, tək yumruq” olduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyini böyük təntənə ilə qeyd etdiyimiz bir dövrdə tədbirin uyğun bir zamanda təşkil edildiyini bildirən Səfirliyin birinci katibi konfransın işinə uğurlar arzulayıb.
Daha sonra konfrans AHBVU-nun prorektoru, professor Orhan Kurtoğlunun moderatorluğu ilə paneldə davam edib. Paneldə MDU alimlərindən Asim Məmmədov və Günel Yunusova, AHBVU alimlərindən Fırat Purtaş və Nasrullah Uzman məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycan-Türkiyə münasibətlərinin tarixindən, ikitərəfli əlaqələrin inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindən, Ulu Öndərin türk xalqlarının ədəbiyyatının inkişafına töhfələrindən, Qarabağ Zəfərinə qədər və sonrakı dövrlərdə qarşılıqlı əlaqələrin vəziyyəti və inkişaf perspektivlərindən bəhs edilib.
Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Panel müzakirələrdən sonra xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, MDU-da “Heydər Əliyev İli” çərçivəsində yerli və xarici tərəfdaş ali təhsil müəssisələri ilə birgə müxtəlif formatlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.