Mingəçevir Dövlət Universitetinin əməkdaşları tərəfindən “Azərbaycan İES”-də təlimlərə başlanılıb

  • Post category:Energetika

2022-ci ilin 2 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin təcrübəli akademik heyət üzvləri tərəfindən “Azərbaycan İES” MMC-nin gənc əməkdaşları üçün təlim proqramına start verilib.

Diqqətə çatdırılıb ki, MDU və “Azərbaycan İES” MMC arasında işbirliyi çərçivəsində reallaşdırılan altı günlük təlim proqramı İES-in gənc, perspektivli əməkdaşlarının nəzəri bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədi daşıyır.

Proqrama uyğun olaraq, 2 və 4 mart tarixlərində “Azərbaycan İES” MMC-nin Tədris Mərkəzində MDU-nun “Mexanika” kafedrasının müdiri, dosent Mahir İsmayılov “İstilik elektrik stansiyalarının əsas və köməkçi avadanlıqları. Buxar və qaz turbinləri”, “Bəsləyici suyun regenerativ qızdırılması. İ-S diaqramı” və “İstilik elektrik stansiyalarının buxar turbinlərinin tipləri və tətbiq sahələri. Turbin qurğusunun istilik tsikli” mövzularında təlimlər keçib.

Martın 7-də isə MDU-nun “Energetika” kafedrasının müəllimi Əbülfət Ədilov tərəfindən “İstilikdəyişdirici aparatlar və onların növləri” və “Qarışdırıcı aparatlar və onların konstruktiv növləri” mövularında təlimlər baş tutub.

Proqrama əsasən, 9, 11 və 14 mart tarixlərində “Energetika” kafedrasının müəllimləri Əbülfət Ədilov və Alim Nəcəfov tərəfindən təlimlər davam etdiriləcəkdir. Təlimlər “Buxarın aralıq qızdırılma tsikli və sxemləri”, “Sinxron generatorların stator və rotor dolağının sınağı”, “Gərginlik transformatorlarının profilaktik yoxlanması”, “Cərəyan transformatorlarının profilaktik yoxlanması” və “Kabel xətlərinin və boşaldıcıların sınağı” mövzularını əhatə edəcəkdir.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi, tədqiqatların nəticəyönümlüyü və səmərəliliyinin artırılması məqsədilə müxtəlif formatlı təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Bu baxımdan energetika sahəsində mühəndis kadrların hazırlığını həyata keçiriən MDU-da “Azərbaycan İES” MMC ilə işbirliyinə xüsusi önəm verilir. Cari tədris ilində işbirliyi çərçivəsində ekskursiya, “dəyirmi masa”, elmi-praktik konfrans və universitet tələbələri üçün iki həftəlik təlim-təcrübə proqramı təşkil edilib.