You are currently viewing Mingəçevir Dövlət Universiteti beynəlxalq təşkilatın İdarə Heyətində təmsil olunacaq (Azərbaycan müəllimi qəzeti)

Mingəçevir Dövlət Universiteti beynəlxalq təşkilatın İdarə Heyətində təmsil olunacaq (Azərbaycan müəllimi qəzeti)

Azərbaycan müəllimi

Qəzetin PDF versiyası

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov İrlandiyanın paytaxtı Dublin şəhərində Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU) 16-cı Baş Konfransında iştirak edib.

Dublin Universitet Kollecinin (UCD) ev sahibliyi etdiyi konfrans “Universitetlərin gələcək cəmiyyətə uyğunluğu və əhəmiyyəti” mövzusuna həsr olunub. Konfransa 100-ə yaxın ölkədən 300-dən artıq universitet rektoru, ali təhsil üzrə ixtisaslaşan beynəlxalq və regional təşkilatların rəhbərləri qatılıb.

Konfransın açılışında IAU Prezidenti Pam Fredman, İrlandiyanın ali təhsil naziri Simon Harris, UCD Prezidenti səlahiyyətlərini icra edən Mark Rogers və UNESCO-nun

Baş direktorunun təhsil üzrə köməkçisi Stefania Giannini çıxış ediblər.

MDU-nun rektoru Ş.Bayramov konfrans çərçivəsində keçirilən “Ali təhsilin transformativ gücü” (The Transformative Power of Higher Education), “Bir-birinə bağlı gələcək üçün bilik sistemlərinin açılması” (Unlocking Knowledge Systems for an Interconnected Future), “Sabahın dünyası üçün öyrətmək və öyrənmək” (Teaching and Learning for Tomorrow’s World) və “Qarşılıqlı bağlılıq və qlobal kontekstdə ali təhsilin gələcəyi” (The Future of Higher Education in an Interconnected and Global Context) adlı bölmə iclaslarında müzakirələrdə fəal iştirak edib. Bölmə iclaslarında post-pandemiya dövründə ali təhsil,  rəqəmsallaşma,  beynəlmiləlləşmə,  Davamlı İnkişaf Məqsədləri və universitetlərin davamlı inkişafda artan rolu, elmin açıqlığı, universtetlərin təhsil, tədqiqat və cəmiyyətə xidmət missiyasına yeni baxış, lokal və qlobal çağırışların balanslı şəkildə nəzərə alınması və universitet dəyərləri barədə müzakirələr aparılıb. Müzakirələr zamanı universitetlərarası əməkdaşlıq və rəqabət, ali təhsildə müxtəliflik, akademik azadlıq, universitetlərin muxtariyyəti, elm, texnologiya və innovasiya arasında qarşılıqlı bağlılıq və təsir, kurikulumun davamlı təkmilləşdirilməsi, bilik, bacarıq və səriştə arasında qarşılıqlı bağlılıq, təhsildə sosial ədalət və hamı üçün bərabər imkanlar, gələcəyin vətəndaşının hazırlanmasında ali təhsilin əvəzolunmaz rolu və ali təhsildə qazanılan müsbət təcrübənin bölüşdürülməsi məsələlərinin önəmi vurğulanıb.

Tədbir çərçivəsində Ş.Bayramov müvafiq universitetlərin rektorları ilə çoxsaylı ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı rektor MDU-nun strateji hədəfləri, yeni dövrün universitetinə çevrilmə yolunda atılan addımlar barədə ətraflı məlumat verib, IAU çərçivəsində universitetlərarası əməkdaşlıqdan gözləntilərini diqqətə çatdırıb.

Bundan əlavə, 16-cı Baş Konfrans çərçivəsində İAU-nun əvvəlki dövr üçün hesabatı, 2022-2030-cu illər üzrə Strategiyası və 2022-2026-cı illər üzrə Büdcəsi müzakirə və təsdiq edilib. Həmçinin, “Qlobal ümumi rifah naminə ali təhsil müəssisələrinin rəqəmsal dünyada transformasiyası” adlı IAU-nun Qətnaməsi qəbul olunub.

Konfrans 2022-2026-cı illər üçün IAU Prezidentinin və İdarə Heyəti üzvlərinin seçilməsilə öz işinə yekun vurub. MDU-nun rektoru Ş.Bayramov IAU İdarə Heyətinə üzv seçilib.

Məlumat üçün bildirək ki, IAU İdarə Heyəti təşkilatın əsas idarəedici qurumudur və üzvləri dörd il müddətinə seçilir. Hazırda 17 üzvü vardır. İdarə Heyəti hər il toplanır, Baş Konfransın qərarlarının icrasını təmin edir və İAU Katibliyinin işinə rəhbərlik edir. Onun işlərinin bir hissəsi konkret komitələr və işçi qruplar vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, MDU cari ildən IAU-nun üzvüdür. IAU 1950-ci ildə UNESCO-nun himayəsi altında yaradılmış qlobal miqyaslı üzvlük əsaslı təşkilatdır. Ali təhsil sahəsində dünyanın ən böyük təşkilatı hesab edilən IAU dünyanın 130-dan çox ölkəsinin 600-dən artıq universitetini birləşdirir. IAU dünya ali təhsil ictimaiyyətinin nümayəndələrini, ekspertləri və universitet liderlərini ali təhsil sahəsində qlobal gündəliyə aid əsas məsələlərə həsr olunan beynəlxalq konfranslar və görüşlərdə, tematik ixtisaslaşdırılmış seminarlar və vebinarlarda bir araya gətirən beynəlxalq şəbəkələşmə və əməkdaşlıq platforması kimi çıxış edir.