Mingəçevir Dövlət Universitetində tələbələr arasında minifutbol üzrə turnir keçirilib

  • Post category:İdman

2022-ci ilin 7 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İdman və sağlamlıq kompleksinin təşkilatçılığı ilə Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş tələbələr arasında minifutbol üzrə universitetdaxili turnir keçirilib.

Turnirdə MDU-nun Təhsil, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbələrindən ibarət altı komanda mübarizə aparıb. İqtisadiyyat və idarəetmə fakültəsinin İ19 komandası qrup, yarım final və final mərhələlərini uğurla başa vuraraq turnirin qalibi olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsi məqsədilə müvafiq idman yarışlarının keçirilməsinə xüsusi önəm verilir.