Mingəçevir Dövlət Universitetində Turcademy verilənlər bazası üzrə onlayn təlim keçirilib

Mingəçevir Dövlət Universitetində əməkdaş və tələbələr üçün Turcademy verilənlər bazasının istifadə qaydalarına dair onlayn təlim təşkil olunub. 2026-cı ilin 14 aprel tarixində ZOOM platforması üzərindən keçirilən təlim universitetin akademik heyəti və tələbələri tərəfindən maraqla qarşılanıb.

Təlimin əsas məqsədi iştirakçıları Turcademy platformasının funksional imkanları, istifadə qaydaları və elmi-tədqiqat prosesində tətbiq imkanları ilə tanış etmək olub. Bildirilib ki, uzaqdan giriş imkanları ilə istifadəyə təqdim olunan Turcademy Türkiyənin aparıcı akademik nəşriyyatları – Adalet Nəşriyyatı, Anı Nəşriyyatı, Gazi Kitabevi, Palme Nəşriyyatı, Pegem Akademi və Seçkin Nəşriyyatına məxsus 4000-dən çox türk dilli akademik mənbəni elektron mühitdə istifadəçilərə təqdim edir.

Qeyd olunub ki, platforma təbiət elmləri, mühəndislik, hüquq, səhiyyə, sosial və humanitar elmlər üzrə geniş resurs bazasına malik olmaqla, istifadəçilərə etibarlı elmi mənbələrə operativ çıxış imkanı yaradır. Eyni zamanda, istifadəçi dostu interfeys və inkişaf etmiş axtarış alətləri vasitəsilə tələbə və tədqiqatçılar üçün məlumatların daha səmərəli əldə olunması təmin edilir.

Təlim zamanı iştirakçılara sistemə qeydiyyat və giriş qaydaları, effektiv axtarış strategiyaları, elektron kitabların oxunması və yüklənməsi imkanları, eləcə də platformadan tədris və elmi fəaliyyət prosesində səmərəli istifadə üsulları praktiki nümunələr əsasında izah olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib və bu kimi təlimlərin davamlı şəkildə təşkili məqsədəuyğun hesab olunub.