Mingəçevir Dövlət Universitetində İnformasiya Texnologiyaları ixtisasının InT 25 qrupu tələbələri üçün Wireshark proqramından istifadə mövzusunda kibertəhlükəsizlik təlimi keçirilib.
Təlim Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyasının mütəxəssisi Gülyaz İsmayılzadə tərəfindən aparılıb. Təlimin əsas məqsədi tələbələrə şəbəkə trafikinə nəzarət, paketlərin analizi, şəbəkə problemlərinin aşkarlanması və mümkün kiberhücumların müəyyən edilməsi istiqamətində praktik bilik və bacarıqların qazandırılması olub.
Təlim zamanı tələbələrə Wireshark proqramının interfeysi, şəbəkə paketlərinin tutulması, filtrasiya qaydaları, TCP/IP protokollarının analizi, IP ünvanların, portların və protokolların işləmə prinsipləri barədə ətraflı məlumat verilib. Eyni zamanda şəbəkə təhlükəsizliyi baxımından trafikin araşdırılması, şübhəli fəaliyyətlərin müəyyən edilməsi və ilkin analiz mexanizmləri izah olunub.
Mütəxəssis tərəfindən real şəbəkə trafiki üzərində nümunələr nümayiş etdirilib, tələbələr paketlərin strukturu və şəbəkə analizinin əsas mərhələləri ilə praktiki şəkildə tanış olublar. İnteraktiv formada keçirilən təlimdə tələbələrin sualları cavablandırılıb, kibertəhlükəsizlik sahəsində praktiki bacarıqların formalaşdırılmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Bildirilib ki, Wireshark proqramı kibertəhlükəsizlik, şəbəkə inzibatçılığı və rəqəmsal forensika sahələrində geniş istifadə olunan mühüm alətlərdən biridir. Bu baxımdan proqram üzrə bilik və bacarıqlar tələbələrin gələcək peşəkar fəaliyyətində mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində rəqəmsal bacarıqların, informasiya texnologiyaları üzrə praktik biliklərin və kibertəhlükəsizlik sahəsində müasir kompetensiyaların inkişaf etdirilməsi istiqamətində təlim və maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir.