Mingəçevir Dövlət Universitetinə qəbul olan gənclərə
rektor Şahin Bayramovun təbrik müraciəti
Əziz I kurs tələbələri!
Mingəçevir Dövlət Universiteti ailəsinə xoş gəldiniz!
İlk növbədə, Sizi uzun müddət zəhmətlə çalışaraq tələbə adını qazanmağınız münasibətilə ürəkdən təbrik edir, Mingəçevir Dövlət Universitetini seçdiyinizə görə hər birinizə təşəkkürümü bildirirəm.
Sizi əmin edirəm ki, müasir dövrün çağırışlarına uyğun ali təhsil almanız, yüksək ixtisaslı mütəxəssis olmanız və əmək bazarının tələblərinə cavab verən peşəkar kadr kimi formalaşmanız üçün Mingəçevir Dövlət Universitetinin professor-müəllim heyəti var qüvvəsilə çalışacaqdır.
Universitetimizin bütün əməkdaşları təhsil aldığınız müddətdə Sizi innovativ bilik və müasir təcrübələrlə təmin edəcək, hər bir addımda yanınızda olacaqdır. Burada özünüzü Mingəçevir Dövlət Universitetinin böyük ailəsinin bir üzvü kimi hiss edəcəyinizə əmin ola bilərsiniz. İnanıram ki, təhsil aldığınız dövrdə Siz Universitetimizin növbəti uğurlarında pay sahibi olacaqsınız.
Ölkəmizdə elm və təhsilin inkişafında fəal iştirak edən Universitetimizin məzunları hazırda müxtəlif təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında, dövlət və özəl qurumlarında uğurla fəaliyyət göstərməklə iqtisadiyyatımızın inkişafına mühüm töhfələr verirlər.
Daim inkişaf edən, yeni təşəbbüslərə yüksək dəyər verən, hədəflərimiz uğrunda yorulmadan çalışdığımız Universitetimizdə Sizlərə fəxrlə xidmət etməkdən qürur duyuruq.
Sizi bir daha səmimi qəlbdən təbrik edir, hər birinizə uğurlu və mənalı tələbə həyatı arzulayıram.
Hörmətlə, Mingəçevir Dövlət Universitetinin
rektoru Şahin Bayramov