Mingəçevir Dövlət Universitetində yeni tədris ilinə hazırlıqla bağlı iclas keçirilib
Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinə hazırlığın vəziyyətinə dair geniş tərkibdə iclas keçirilib. Universitetin bütün struktur bölmə rəhbərlərinin iştirak etdiyi iclasda yeni tədris ilinə hazırlıqla bağlı məsələlər ətraflı müzakirə olunub.
Tədris ilinin başlaması münasibətilə əməkdaşları təbrik edən rektor Şahin Bayramov yay məktəbinin uğurla təşkil edildiyi və birinci kursa qəbul olunan tələbələrin sənəd qəbulu kampaniyasının mütəşəkkil keçirildiyi barədə məlumat verib. Ş.Bayramov ilk dəfə olaraq MDU-da 2019/2020-ci tədris ilinə hazırlıq işləri barədə əmr imzalandığını və həmin əmrdə tədris prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun təşkilinə dair müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verildiyini diqqətə çatdırıb.
Rektor dərs yükü bölgüsü, dərs cədvəllərinin hazırlanması, qrup nümayəndələrinin seçilməsi, struktur bölmələr arasında əlaqələndirmənin təşkili, icra intizamı, tələbələrin və əməkdaşların davamiyyəti, kitabxananın fəaliyyəti və digər məsələlərə dair müvafiq tapşırıqlar verib.
Ş.Bayramov qısa müddət ərzində daha çox ehtiyac duyulan auditoriyalarda, inzibati otaqlarda, kitabxanada, bina və qurğularda zəruri təmir-bərpa işlərinin aparılması, yeni stul, parta və mebel dəstlərinin gətirilməsi barədə məlumatı diqqətə çatdırıb.
Digər məsələlərin də müzakirə olunduğu iclasda yeni tədris ilinə hazırlığın vəziyyəti qənaətbəxş hesab edilib.
{phocagallery view=category|categoryid=180|limitstart=0|limitcount=0}