Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib
2019-cu ilin 9 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib.
İclasda “2019-cu ilin elmi-tədqiqat işlərinin nəticələri və 2020-ci il üçün aparılacaq elmi-tədqiqat işlərinin mövzuları haqqında” və “MDU-da tədrisin keyfiyyətinin mövcud vəziyyəti haqqında” hesabatlar dinlənilib. Hesabatları müvafiq olaraq MDU-nun elmi işlər üzrə prorektoru əvəzi, professor Veysəl Əyyubov və universitetin Tədris şöbəsinin müdir müavini Üzeyir Zeynalov təqdim ediblər. MDU-nun rektoru Şahin Bayramov müzakirəyə çıxaraılan hər iki məsələ barədə qeydlərini və tövsiyələrini bildirib. Müzakirələrdən sonra hər iki hesabat Elmi Şura üzvləri tərəfindən qəbul edilib.
Cari məsələlərin müzakirəsi çərçivəsində rektor Ş.Bayramov MDU-nun “Humanitar fənlər” kafedrasının müəllimi Maarifə Manafovaya Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilən “filologiya üzrə fəlsəfə doktoru” alimlik dərəcəsi diplomunu təqdim edib.
Sonra rektor Ş.Bayramov Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibəti ilə həmin universitetin məzunları arasında keçirilmiş “BDU Xatirələrdə” yazı müsabiqəsində 1-ci yer tutan MDU-nun “İqtisadiyyat” kafedrasının müdiri, dosent Cəmilə Musayevanı təbrik edib və müvafiq diplomu təqdim edib.
Daha sonra Ş.Bayramov Koreya Elm və İKT Nazirliyi və Koreya Milli İT Sənayesinin Təşviqi Agentliyi tərəfindən cari ilin 10-20 noyabr tarixlərində Koreya Respublikasının Seul şəhərində “İnformasiya təhlükəsizliyi” mövzusunda keçirilmiş beynəlxalq təlimdə iştirak etmiş MDU-nun əməkdaşı Elçin Tağıyevə müvafiq sertifikatı təqdim edib.
Sonda rektor Ş.Bayramov cari ilin 29 noyabr tarixində Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Sosial-İqtisadi İnkişafın Dayanıqlı Enerji Təminatı: universitet-sənaye iş birliyi və innovativ kadr hazırlığı” mövzusunda keçirilən I regional elmi-texniki konfrans, eləcə də 6-7 dekabr tarixlərində Mingəçevir Dövlət Universitetində keçirilən “Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” mövzusunda respublika elmi konfransı barədə məlumat verib, hər iki konfransın respublika ali təhsil və elm ictimaiyyəti tərəfindən müsbət qarşılandığını diqqətə çatdırıb.
{phocagallery view=category|categoryid=270|limitstart=0|limitcount=0}