Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun Novruz Bayramı təbriki
Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim, inzibati-texniki heyət üzvləri!
Əziz tələbələr, magistrantlar və məzunlar!
Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı və bahar təravəti arzulayıram.
Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Əsgərinin sayəsində 44 günlük Vətən Müharibəsində qazandığımız tarixi Zəfər bu il qədim tarixi olan Novruz bayramını tam fərqli əhvalda keçirməyimizə vəsilə olub.
30 illik fasilədən sonra Şuşa şəhərində bayram tonqalının yandırılması hər birimizdə sonsuz sevinc və böyük fəxarət hissi yaradıb.
Torpaqlarımızın azad olunması uğrunda apardığımız haqq savaşında canından keçən bütün şəhidlərimizin, o cümlədən universitetimizin beş şəhid məzununun əziz xatirəsini böyük ehtiramla anırıq.
İnanıram ki, yazın gəlişi və təbiətin oyanması hamımız üçün ortaq dəyər olan Mingəçevir Dövlət Universitetinin uğurları üçün daha böyük enerji və həvəslə çalışmağımıza səbəb olacaqdır.
Özündə xalqımızın zəngin adət-ənənələrini və milli-mənəvi dəyərlərini birləşdirən Novruz bayramında Sizə xoş əhval-ruhiyyə, sevincli günlər, təhsil və elmi fəaliyyətdə yeni-yeni uğurlar arzulayıram.
Novruz bayramınız mübarək olsun!