Mingəçevir Dövlət Universitetinin rektoru qiyabi şöbədə təhsil alan tələbələrlə görüşüb

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin rektoru qiyabi şöbədə təhsil alan tələbələrlə görüşüb

 

2020-ci ilin 21 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetdə qiyabi təhsil forması üzrə təhsil alan tələbələrin qrup nümayəndələri ilə görüş keçirib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşün əsas məqsədi müvafiq ixtisaslarda və kurslarda qiyabi təhsil forması üzrə təhsil alan tələbələri maraqlandıran sualların cavablandırılmasından ibarət olub.

Tələbələri salamlayan Ş.Bayramov COVID-19 infeksiyası ilə mübarizə sahəsində Azərbaycanda həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, virusa yoluxma və sağalma statistikasında son günlər müşühidə olunan pozitiv tendensiyanın davam edəcəyinə inandığını bildirib. Ölkəmizdə xüsusi karantin rejiminin 4 may tarixinə qədər uzadılması, eləcə də 4 may tarixinin təhsil müəssisələrində ilk tədris günü kimi müəyyən edilməsi barədə danışan rektor tələbələrin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət etməsinin vacibliyini bir daha vurğulayıb.

Rektor qiyabi şöbədə təhsil alan tələbələrin dərslərin başlaması tarixləri, sərbəst işlərin hazırlanması, imtahanların təşkili, təhsil haqqının ödənilməsi, tələbələrin işlədikləri müəssisələrə çağırışın göndərilməsi və digər məsələlərlə bağlı çoxsaylı suallarına aydınlıq gətirib. O, universitetə subbakalavr statusu ilə qəbul olmuş tələbələrin orta ixtisas təhsili müəssisələrində əldə etdikləri kreditlərin tanınması şərtlərinə və proseduruna, eləcə də qiyabi qruplarda tədrisin online formatda təşkili imkanlarına dair sualları cavablandırıb. Ş.Bayramov qiyabi təhsil forması üzrə dərs və imtahan cədvəllərinin hazırlanmasına dair fakultə dekanlarına müvafiq tapşırıqlar verildiyini bildirib, bu barədə ətraflı məlumatın karantin müddəti bitdikdən sonra veriləcəyini deyib.

Faydalı fikir mübadiləsi ilə davam edən görüşün sonunda növbəti iclasın MDU-nun doğma auditoriyalarında keçiriləcəyinə əminlik ifadə olunub.

{phocagallery view=category|categoryid=362|limitstart=0|limitcount=0}