Mingəçevir Dövlət Universitetinin tələbələri “Yay Təcrübə Proqramı”nı uğurla başa vurublar
Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir Peşə Məktəbi (MPM) və “Azmade Group” MMC şirkəti arasında üçtərəfli əməkdaşlıq formatı çərçivəsində Zəyəm Texnologiyalar Parkında (ZTP) təşkil edilmiş “Yay Təcrübə Proqramı” uğurla başa çatıb.
2021-ci ilin 31 avqust tarixində hər iki təhsil müəssisəsinin rəhbərləri təcrübə proqramında iştirak etmiş universitet və peşə məktəbinin tələbələri ilə görüşüblər.
Görüşdə proqramı müvəffəqiyyətlə başa vuran tələbələri təbrik edən MDU-nun rektoru Şahin Bayramov yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da əmək bazarının müasir tələblərinə uyğun yüksək ixtisaslı kadrların hazırlanmasında bu tipli təcrübə proqramlarının üstünlüklərindən danışıb.
Təhsil və sənaye arasında yaradılmış üçtərəfli əməkdaşlıq formatı çərçivəsində atılan ilk addımın uğurla nəticələndiyini vurğulayan Ş.Bayramov sözügedən təcrübə proqramının təşkilinə və dəstəyinə görə “Azmade Group” MMC və ZTP rəhbərliyinə təşəkkür edib.
“Yay Təcrübə Proqramı”nın iştirakçıları ilə təkrar bir arada olmaqdan məmnunluğunu ifadə edən MPM-nin direktoru İlham İlyasov təcrübə zamanı əldə edilən bilik və bacarıqların onların karyera inkişafındakı önəmindən söhbət açıb.
Üçtərəfli əməkdaşlığın tələbələrin praktiki hazırlığının yüksəldilməsinə davamlı töhfə verəcəyinə əminliyini ifadə edən İ.İlyasov yay təcrübəsinin həyata keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib və gələcək fəaliyyətlərində tələbələrə uğurlar arzulayıb.
Sonra, təcrübə ilə bağlı təəssüratlarını bölüşən tələbələr proqram çərçivəsində təhsil aldıqları ixtisas üzrə praktiki bilik və bacarıqlarının artırılması üçün yaradılan şəraitə və göstərilən diqqətə görə təşəkkürlərini çatdırıblar.
Qeyd edək ki, “Yay Təcrübə Proqramı” 10 iyun 2021-ci il tarixində MDU, MPM və “Azmade Group” MMC şirkəti arasında imzalanmış üçtərəfli təhsil və sənaye əməkdaşlığına dair Anlaşma Memorandumu çərçivəsində təşkil edilib. Cari ilin avqust ayı ərzində ZTP-də reallaşdırılan təcrübə proqramında MDU-nun 5 və MPM-in 2 tələbəsi iştirak edib. MDU və MPM-in tarixində ilk dəfə baş tutan bir aylıq təcrübə müddətində tələbələr ZTP tərəfindən bütün lazımi şəraitlə (yaşayış və qidalanma) təmin olunub, onlara müvafiq qaydada əməkhaqqı ödənilib.
{phocagallery view=category|categoryid=671|limitstart=0|limitcount=0}