Mingəçevir şəhərinin Azərbaycanın sənaye mərkəzlərindən birinə çevrilməsi istiqamətində uğurlu addımlar atılır
Məlumdur ki, son zamanlar ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Azərbaycanın bütün regionlarında qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsinə, sahibkarlığın dəstəklənməsinə, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkilinə və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına böyük diqqət göstərilir.
Ölkə rəhbərliyi Azərbaycanın bütün bölgələrində olduğu kimi, Mingəçevir şəhərinin də inkişafına, çiçəklənməsinə xüsusi qayğı ilə yanaşır, onun müasir, dinamik inkişaf edən, güclü sənaye potensialına malik olan şəhərə çevrilməsi istiqamətində işlər görülür.
Prezident İlham Əliyev 24 fevral 2015-ci il tarixində Mingəçevir şəhərində aparılan yenidənqurma işləri ilə tanış olarkən “Gəncə, Sumqayıt və təbii ki, Bakıdan sonra Mingəçevir Azərbaycanın dördüncü sənaye mərkəzinə çevriləcəkdir” fikirlərini səsləndirib. Ölkə rəhbərinin sənaye zonalarının təşkil olunması ilə bağlı irəli sürdüyü təşəbbüsün mahiyyətində sənaye parklarının yaradılması dayanır. Bunu Prezidentin 2015-ci ilin fevralında Mingəçevir Sənaye Parkının yaradılması və bu parkın fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamlar təsdiqləyir.
Mingəçevir Sənaye Parkı Azərbaycan Respublikasının yüngül sənaye sahəsində idxaldan asılılığın aradan qaldırılmasında və ixrac potensialının artırılmasında, milli tekstil brendlərin yaradılmasında, ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq.
Mingəçevir üçün çox böyük əhəmiyyət daşıyan bu parkın yaradılması ölkənin iqtisadi potensialının gücləndirilməsinə imkan verəcək. Qabaqcıl texnologiyaların tətbiq olunacağı Mingəçevir Sənaye Parkının nəzdində inşa ediləcək 9 ixracyönümlü müəssisədə işləyənlərin sayının 5-6 min təşkil edəcəyi nəzərdə tutulur. Yeni iş yerlərinin yaradılması ilə işsizlik probleminin böyük bir qismi öz həllini tapacaq.
Ölkə rəhbərliyinin göstərişlərinə əsasən Mingəçevir şəhərinin inkişafı, abadlaşdırılması istiqamətində həyata keçirilən işlərə Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən böyük dəstək verilir.
Bu yaxınlarda Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı cənab İlham İsmayılovun şəxsi təşəbbüsü ilə şəhərin yerli büdcəsi hesabına və daxili imkanlar vasitəsilə şəhərin daha da çiçəklənməsi, yaşıllıqların qorunub saxlanılması, suvarılması üçün yeni texniki su xətti çəkilişinə başlanılmışdır. Yerinə yetirilən işlər sayəsində yay aylarında quraqlıq səbəbindən ağacların susuzluqdan əziyyət çəkməsinin qarşısı alınacaq.
Bununla yanaşı, şəhərdə turizm potensialını inkişaf etdirmək üçün Mingəçevir Su Anbarının ətrafındakı buxtalarda layihələndirmə işlərinə də başlanılıb.
Görülən bütün tədbirlər Mingəçevir şəhərinin tez bir zamanda çiçəklənməsinə xidmət edir və onun Azərbaycanın sənaye mərkəzlərindən birinə çevrilməsi istiqamətində uğurla irəlilədiyinin göstəricisidir.
Nəriman İsmayılov